Xəbər lenti

Hüseynbala Səlimov
Dünya 12:29 15.04.2024

Qərb-Rusiya qarşıdurması Qərb-Şərq qarşıdurmasına çevrilə bilərmi?

Əgər bəzi Avropa ölkələri 5 aprel Brüssel görüşünün yeni-yeni yozumlarına imkan verən hərəkətlər etməsəydilər, bu xüsusdakı müzakirələr ən azı indiki kimi artan tempdə davam etməzdi. Amma onlar dayanmırlar – demək olar ki, hər gün bəzi Avropa dövlətlərinin Ermənistanda yeni əməllərilə yadda qalır.

Doğrusu, biz Qərblə bağlı ümidlərimizi hələ tamam itirməmişik. Bir sıra Avropa ölkələrinin İkinci Qarabağ savaşından sonrakı əməllərini seyr edəndə həmişə yadımıza yaxın keçmişdən bir detal düşür. Bir neçə il bundan əvvəl, BMT TŞ-də Azərbaycanın ərazi bütövlüyü müzakirə olunan zaman o vaxtki üç həmsədrin üçü də bitərəf qalmış, bizim ərazi bütövlüyümüzə dəstək verməmişdi. Amma səs çoxluğu ilə Azərbaycanın ərazi bütövlüyü dəstək tapmışdı– digər dövlətlər bizi müdafiə etmişdilər. 

Belə hal, əlbəttə ki, hamımızı qeyzləndirmişdi. Amma o vaxt belə bir ehtimal da var idi ki, həmsədrlər bizə səs verməsələr də, ümumi səsvermə ilə bizim dəstək qazanmağımızda onların da rolu olmuşdu – belə ki, digər dövlətlərin müsbət qərar qəbul etməsində bu üç dövlətin, necə deyərlər, lal sükutu - razılığı da az rol oynamamışdı...

Düşünürük ki, indi də belədir. Avropa ölkələri növbəti dəfə oyun oynayırlar - əlbəttə, ərazilərindəki erməni diasporalarını sakitləşdirmək üçün onlar nəsə deməlidirlər, nəsə etməlidirlər. Amma son nəticədə belə məlum olacaq ki, bu ölkələrin əsas məqsədi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır. Ən azı ona görə ki, ABŞ və Avropa dövlətləri, ən əsası da ABŞ Cənubi Qafqazda sülhün əleyhinə çıxmırlar. Elə Avropa ölkələri də ara-sıra sülh məzmunlu bəyanatlar verirlər. Məsələn, elə bu son günlərdə Aİ təmsilçisi Toyvo Klaar belə bəyan etdi ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi elə də çox çəkməyəcək.
Amma "Sülh istəyirsənsə, müharibəyə hazır ol!” – bu da qərblilərin sözüdür. Ona görə də tam arxayınlaşmamalıyıq. Ən azı ona görə ki, hazırda Dünyada çox mürəkkəb proseslər gedir və onların məzmununu, xarakterini və istiqamətini yalnız noyabr ayında ABŞ-da baş tutacaq prezident seçkiləri dəyişə bilər - əlbəttə, əgər dəyişə bilsə! 

Ona görə ki, son bir-iki ildə baş verən proseslərin ABŞ "dövlət maşını”nın maraqlarına uyğun olduğu bildirilir. Bu isə çox qəliz məsələdir – söhbət bir adamdan, bir komandadan getsəydi, məsələ daha asan olardı. Amma bir daha deyirik ki, "dövlət maşınının” qarşısında duruş gətirmək elə də asan iş deyil, o, ən güclü komandanı da əzib keçə bilər.

Həm də biz qlobal geopolitik ideologiyanın dəyişdiyi bir məqamda, dünyanın yeni nizama az qala, "hamilə” olduğu bir vaxtda yaşayırıq. Bəli, hazırda Rusiya ilə Qərb arasında kəskin qarşıdurma yaşanır və bu qarşıdurmanın Qərb-Şərq qarşıdurmasına çevrilməsi ehtimalı da böyükdür. ABŞ qlobal anqlo-saks alyansına meyil edir. ABŞ-ın ən yaxın gələcəkdə Böyük Britaniya və Avstraliya ilə daha sıx əlaqələr quracağı istisna olunmur. Amma hələ ki indiki ABŞ administrasiyası Qərb adlı hərbi və geosiyasi düşərgəni qoruyub saxlamaqda israrlı görünür. Fəqət ABŞ-la, məsələn, Çinin münasibətləri kəskin məzmun almaqdadır və bu qarşıdurma təkcə Tayvan məsələsilə məhdudlaşmır – getdikcə, daha çox siyasət adamı Donald Trampın "kəşfini” daha sayıq qiymətləndirməyə çalışır və Çini ABŞ-ın ən əsas rəqibi hesab edir.

Odur ki, çox ehtiyatlı olmalıyıq, çünki bizi də – Azərbaycanı və Türkiyəni də Şərq adlı cərgəyə qatmaq meyilləri var. Düzdür, burada hər şey biri-birinə qarışıb. Azərbaycanı digər iki Cənubi Qafqaz ölkəsi ilə birlikdə Avropaya inteqrasiya etdirmək meyilləri də az deyil. Bu yaxınlarda Bakıya səfər etmiş NATO Baş katibi Yens Stoltenberq maraqlı işarə etdi: o, dedi ki, yaxın vaxtlara qədər İsveç və Finlandiya da neytral siyasət yürüdürdü! Buradan hansı nəticələr çıxır? Qərb demək istəyir ki, hazırda siz də özünüzü neytral ölkə hesab edə, hətta heç vaxt Avropa strukturlarına inteqrasiya etməyəcəyinizi düşünə bilərsiniz, amma bu, əbədi olmayacaq, ən əsası isə, bu vəziyyəti dəyişmək Qərb üçün elə də böyük problem deyil...

Odur ki, müxtəlif istiqamətli siyasi küləklərə qarşı həssaslığımızı artırmalıyıq. Əlbəttə, biz Türkiyə ilə birlikdəyik. Amma bizə elə gəlir ki, daha dəqiq seçim qarşısında qalsa, Türkiyə də geosiyasi düşərgə kimi yenə də Qərbi seçəcək. Ona görə elə biz də Qərblə bütün rabitələri qırmamağa çalışmalı, onlarla anlaşmağa cəhd etməliyik...
 
Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?