Hüseynbala Səlimov
Siyasət 13:18 16.01.2023

Qərbin israrla Nikola başa salmaq istədikləri...

Əlbəttə ki, Azərbaycanın dövlət və ya hökumət adamlarının ayrı-ayrı məsələlər haqqında daha dəqiq və səlis məlumatları var.
 
Ermənistan və Dağlıq Qarabağla bağlı məsələlər bu mənada istisna təşkil etmir, onlar bu problemlərlə bağlı daha çox biliyə malikdirlər. 

Amma bizə elə gəlir ki, birinci prezident Levon Ter-Petrosyan kimi indiki baş nazir Nikol Paşinyan da anlayır ki, dəyişikliklər labüddür və bu səbəbdən öz çıxışlarında Ermənistan cəmiyyətinə bununla bağlı mesajlar göndərməyə cəhd edir. Əlbəttə ki, Nikol da hər şeydən əvvəl ermənidir və Ermənistanın baş naziridir. Ona görə də öz milləti və ölkəsi üçün bütün məsələlərdə daha çox dividend əldə etməyə çalışır. Amma o, Robert Koçaryan və Serj Sarqsyan deyil, onlardan ən azı daha realist və praqmatik olması ilə seçilir...

Bəs bunları niyə deyirəm? Bizdə hansı televiziya kanallarına baxırsan¸ orada Nikolu, yumşaq şəkildə desək, tənqid edirlər. Özü də o, Rusiya əleyhinə bəyanatlar səsləndirəndə, Azərbaycana və Türkiyəyə qarşı loyal fikirlər söyləyəndə belə!..

Hazırda Ermənistanda çox mürəkkəb vəziyyət hökm sürür. Burada əvvəlki dövrlərdə eşidilməsi mümkün olmayan bəyanatlar səslənir, hətta Rusiya hərbi bazalarına burada ehtiyac olmadığı kimi fikirlər eşidirik, özü də hansısa sıravi erməninin dilindən yox, hakimiyyət adamlarından! 

Bir neçə il bundan əvvəl əksəriyyət "Qarabağı həmişəlik itirmişik!” deyəndə biz yazırdıq ki, darıxmayın, tezliklə Moskva ilə İrəvan arasında "çat” yaranacaq və onda biz bundan istəfadə edə biləcəyik. Bir neçə il bundan əvvəl "çat” yarandı və biz torpaqlarımızın böyük bir hissəsini qaytara bildik. İndi bu "çat” daha da dərinləşir. Rusiya Dağlıq Qarabağda öz oyununu başlayıb. Bu oyun həm də Paşinyana qarşıdır. O səbəbdən ki, Moskva Nikolu özgə bir adam kimi hesab etməkdə davam edir. Əslində, Nikol Brüssel prosesini pozmaqla Moskvaya böyük xidmət göstərdi, çünki başı Ukrayna ilə müharibəyə qarışmış Rusiya Qarabağda sülh əldə olmasını qəti istəmir, ən azı tezliklə istəmir. Amma Kreml həm də Ruben Vardanyanı Ermənistanın "böyük siyasətinə” çıxarmağa cəhd edir. Odur ki, Paşinyan iki müstəvidə çarpışır. 

Birincisi, Qərbin adamı kimi o, ölkəsinin sükanını Qərbə tərəf yönəltməyə və bunun üçün Rusiya ilə Qərb arasındakı ziddiyyətlərdən istifadə etməyə çalışır. Onun son bəyanatları, Gümri hərbi bazası ətrafındakı çarpışmalar daha çox bununla bağlıdır. İkincisi, Paşinyan həm də öz dərisini xilas etməyə çalışır. Ona görə ki, gözəl bilir, Kreml ona çox da dözməyəcək və bu vaxta qədər ona görə dözüb ki, kəskin şəkildə erməni cəmiyyətinə qarşı (hələki cəmiyyətdə Paşinyanın nüfuzu var!) getmək istəməyib, həm də Qarabağ probleminin bütün neqativlərini onun üstünə yükləməyə çalışıb. Üstəlik, bu vaxta qədər Kreml Paşinyana qarşı öz "kadrını” axtarmaqla məşğul idi. Moskvanın planlarında Koçaryanları və Sarqsyanları təkrar hakimiyyətə qaytarmaq niyyəti yox idi, çünki onlar Kremldən çox şey istəyirdilər. Və belə nəticə hasil olur ki, Kreml seçimini Vardanyan üzərində dayandırıb...

Amma Paşinyan da "az aşın duzu” deyil. O, da Levonun məktəbini keçib. Elə bu səbəbdən də çox əlverişli vaxt seçib – ola bilməz ki, Qərb Ukraynada Rusiya ilə vuruşsun, amma burada, Cənubi Qafqazda Moskva ilə dostluq və əməkdaşlıq etsin. Amma bizim telekanallar Qərbi də total təndiq atəşinə tutur və əlbətə ki, tələsir. Birincisi, qeyd etdiyimiz kimi, Qərblə Rusiya arasında müharibə gedir və bu səbəbdən ABŞ və Fransa Ermənistana və bölgədəki proseslərə daha çox maraq göstərir. İkincisi, ABŞ-la Fransanı ayırmaq lazımdır. Vaşinqtonun mövqeyi beynəlxalq hüquqa daha çox uyğun gəlir. Amma biz bu sətirləri yazanda Fransa Milli Assambleyasının depuatatları və spikeri Ermənistanda səfərdə idi. Hətta onlar da burada bəyan etdilər ki, Dağlıq Qarabağın "müstəqilliyini” tanımaq fikirləri yoxdur! Üçüncüsü, Nikolu İkinci Qarabağ savaşından əvvəl Qərbdə heç kim saymırdı, çünki o, da öz sələflərinin hərbi ritorikasını davam etdirirdi. Amma İkinci Savaşdan sonra reallıqlar dəyişdi, Nikol işğal altında olan Azərbaycan rayonlarının qaytarılması ilə barışdı və ən başlıcası da anladı ki, ölkəsinin regional siyasətində dəyişiklər labüddür – bəli, o dəyişikliklər ki, Qərb diplomatları bunları israrla Nikola başa salmaq istəyirdilər...
 
Hüseynbala Səlimov