Xəbər lenti

Dünya 23:35 16.03.2026

"Titanik"dən daha uzun: Ən böyük yaxta necə görünür və kimə məxsusdur?

Yaxtalar adətən lüksün simvolu sayılır və onların sahibləri əksər hallarda milyarderlər olur. Lakin yeni "Ulyssia" superyaxtası yalnız ölçüsü ilə deyil, həm də funksionallığı və kompleksliyi ilə diqqət çəkir.

Qaynarinfo xəbər verir ki, "Ulyssia" layihəsi "Residences AG" şirkəti tərəfindən 2025-ci ildə Monako sərgisində təqdim olunub. Yaxta "Espen Eino" və "Meyer Werft" ilə birgə hazırlanıb. Tikinti 2025-ci ilin sonlarında Papenburqda başlanıb, suya buraxılması isə 2030-cu ilə planlaşdırılır.
 


Yaxtada 122 mənzil nəzərdə tutulub, sahələri 110–953 kvadratmetr arasında dəyişir, 1–6 yataq otaqlı variantları, açıq planlı qonaq otaqları, mətbəxləri və terrasları olacaq. Həmçinin böyük ailələr üçün qonaq kabinələri də mövcuddur.

Yaxtada "Chenot" şirkəti fəaliyyət göstərəcək və spa, idman/fitness mərkəzi, stomatoloji xidmətlər və müasir avadanlıqlarla (rentgen, MRT, KT, endoskop, USM) təchiz olunmuş tibbi korpus təqdim edəcək.
 


Xüsusi diqqət təhsilə ayrılıb: yaxtada məktəblər və təhsil proqramları fəaliyyət göstərəcək, müxtəlif yaş və milli mənşəli sakinlər üçün beynəlxalq icma yaradılacaq. Bundan əlavə, şərab anbarı, restoranlar, yaxta-klub, qolf-klub, 600 metrlik qaçış yolu, çoxfunksiyalı kortlar, açıq və qapalı hovuzlar, iki mərtəbəli teatr, kitabxana, konfrans zalları, iki vertolyot və "Triton" sualtı aparatları olacaq.
 


Yaxta Amazon çayı üzərində səyahət edə bilmək üçün az dərinliklə, Panama kanalından keçmək üçün dar və Sidney körpüsünün altından keçmək üçün aşağı səviyyədə dizayn edilib. Hibrid enerji sistemi batareya, günəş enerjisi və "çevik” yanacaq kombinasiyasından istifadə edir və karbon izini minimuma endirir.
 


"Ulyssia"nın mülkiyyəti pay prinsipinə əsasən bölünür: sakinlər yaxtaya mənzillərinin sahəsinə uyğun sahiblik edir. Buna görə də konkret sahibkarı göstərmək çətindir. İlk investoru şirkətin rəhbəri Frank Binder olub.
 


"Ulyssia" suya buraxılana qədər dünyanın ən böyük özəl yaxtası 180,1 metr uzunluğunda "Azzam" olaraq qalır. Bu yaxta Şeyx Xəlifə bin Zayed Al Nahyan üçün tikilib, 36 qonaq və 80 ekipaj üzvünü yerləşdirir, hovuz, idman zalı və qolf zalına malikdir və su püskürtmə sistemləri sayəsində 31,5 düyün sürətə çata bilir.

Dünyanın digər ən böyük yaxtaları:

* Eclips — 162,5 m
* Dubai — 162 m
* Blue — 160,6 m
* Dilbar — 156 m
* Al Said — 155 m
* El Mahrousa — 150,6 m
* A+ — 147,3 m
* Prince Abdulaziz — 147 m
* Opera — 146,4 m

Aydın
--> -->