"Dünyanın maliyyə modeli və valyuta sistemi dəyişəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bütün dünyada proqnozlaşdırılan valyuta böhranı barədə danışarkən deyib.
Ekspert bildirib ki, prosesin dəqiq vaxtını söyləmək mümkün olmasa da, yaxın onilliklərdə baş verəcəyi ehtimal olunur:
"Güman olunur ki, 2050-ci ilə qədər bu baş verəcək. Amma konkret tarix demək çətindir. Hazırda dünyada mövcud olan əmlak, mal və digər dəyərlər ölkələrin buraxdığı pul kütləsinə uyğun deyil. Pullar, qiymətli kağızlar, maliyyə bazarı şişmiş vəziyyətdədir. Bu proses davam edir, amma bir gün mütləq partlayacaq. Prinsipcə valyutalar davamlı olaraq ucuzlaşır. Amerika dolları ötən əsrin 1950-1970-ci illərində tam başqa dəyərə malik idi. Dövlətlər həddindən artıq çox pul buraxır, çünki xərclərini bağlamağa çalışırlar".
Əkrəm Həsənov vurğulayıb ki, Azərbaycan bu prosesdə müəyyən addımlar ataraq riskləri azalda bilər:
"Biz qızıl ehtiyatımızı çoxalda bilərik. Hazırda valyuta ehtiyatlarımız əsasən dollar və avro formasındadır. Daha yaxşı olar, onları qızıla yönəldək ki, sabah bu hadisə baş verəndə ölkəmiz üçün ciddi problem yaranmasın".
Qeyd edək ki, "High Yield Economics" bülleteninin təsisçisi Daniel Altman "Foreign Policy” üçün yazdığı məqalədə dünya üçün misli görünməmiş valyuta böhranı proqnozlaşdırıb. Ekspertin fikrincə, indiki vəziyyət Asiya və Rusiyada 1990-cı illərin maliyyə böhranlarını xatırlatsa da, daha geniş miqyasdadır. O qeyd edib ki, gözlənilən maliyyə fəlakətinin əsas səbəbi onun G-7 - "Böyük Yeddilik” adlandırdığı yeddi ölkənin təsirli borclarıdır.
Altman məqaləsində Kanada, Fransa, Yaponiya, İspaniya, İtaliya, Böyük Britaniya və ABŞ-ın borcunun ÜDM-in 100%-ni keçdiyi Beynəlxalq Valyuta Fondunun hesablamalarını xatırladıb. Ekspert qeyd edib ki, G-7-nin səlahiyyətliləri öz milli valyutalarını devalvasiya etməklə öz öhdəliklərinin həcminə nəzarət edə bilərlər. Bu cür hərəkətlər, Altmanın proqnozlaşdırdığı kimi, fond bazarlarında çaxnaşma yarada bilər ki, bu da treyderləri bu valyutalarda ifadə olunan bütün qiymətli kağızları satmağa məcbur edəcək.
"Qlobal valyuta böhranına aparan zəncirvari reaksiyaya başlamaq üçün sadəcə bir domino kifayətdir", deyə ekspert yekunlaşdırıb.
Bundan əvvəl BMT adambaşına ən çox dövlət borcu olan ölkələrin adını çəkmişdi. 2024-cü ilin məlumatlarına görə, adambaşına düşən dövlət borcunun 158 min dollar olduğu Sinqapur bu siyahıda birinci yerdədir. Sonrakı yerləri ABŞ (103,7 min dollar) və Yaponiya (76,9 min dollar) tutur.
Bahar Rüstəmli
Şərhlər