(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə hazırlanıb)
Milli adət-ənənələr hər bir millətin formalaşması və inkişafında mühüm rol oynayır. Bu, həmçinin hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biridir.
Müasir dövrümüzdə, dünyanın qloballaşmaya doğru istiqamət götürdüyü bir zamanda milli adət və ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi ən vacib məsələlərdəndir.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəməxsus adət və ənənələri, yüksək mənəvyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan adət-ənənələrimiz millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır.
Artıq 30 ildir Azərbaycan müstəqil dövlətdir. Müstəqilliyin əldə edilməsi istər-istəməz milli adət-ənənələrimizin də sərbəst şəkildə inkişafına təkan verən amildir.
Bu mənada maraqlıdır, ötən 30 ildə Azərbaycanda milli adət-ənənələrimiz daha da möhkəmlənib, yoxsa xarici təsirlər vasitəsilə əksinə, daha çox deformasiyaya uğrayıb?
Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, millətimiz həm özünün həyat rahatlığına köməklik edən, həm də başqa xalqların bizdən götürdüyü gözəl nümunəli adət-ənənələri qoruyub saxlamalıdır:
"Öncə qeyd edim ki, adət-ənənələrimizin hamısını tamamilə qorumağımız düzgün metod deyil. Cəmiyyət getdikcə inkişaf edir, yenilənir, mürəkkəbləşir və onun öz tələbləri yaranır. Amma millətimiz həm özünün həyat rahatlığına kömək edən, həm də başqa xalqların bizə baxaraq gözəl nümunə götürdükləri adət-ənənələrimizi qoruyub saxlamalıdır. Xalqımızın bu cür çoxsaylı yaxşı adət-ənənələri olub. Lakin təəssüf ki, onların əksəriyyətinin qədrini bilməyərək, qoruya bilmədik. İnsanlarımızın bir-birinə münasibəti, qonşuluq, ata-anaya münasibət, ailə daxili münasibət sahəsində, mənəviyyət və əxlaqla bağlı dünyaya nümumə olacaq çoxsaylı adət-ənənələrimiz vardı. Bunun əvəzində əksinə çalışdıq ki, Avropada gördüyümüz yarımçıq şeyləri mənimsəyək. Hazırda ictimai nəqliyyatda yaşlı insanlara əksər hallarda yer vermirlər. Bu hal da göstərir ki, xalqımız başqa məkanlardan müsbət cəhətləri öyrənmək əvəzinə, onun minus tərəflərini mənimsəyir”.
Ekspert qeyd edir ki, milli adət-ənənə məsələsində bir meyar olmalıdır:
"Əhali arasında ahəngdar münasibətə, birgə yaşayımıza rahatlıq gətirən istənilən adət-ənənələrimizi göz bəbəyimiz kimi qorumalıyıq. Buna zidd olanları, hətta adət-ənənələrimiz olsa da, rədd etməliyik. Məsələn, ən yaxın qohumlarla ailə qurmaq kimi iyrənc adət-ənənədən imtina etməliyik. Onu qorumağa borclu deyilik. Elmi mərkəzlərimiz bu məsələləri təhlil etməlidir. Amma təəssüf ki, həmin elmi mərkəzlərin yaranmasına belə imkan verilmədi. Belə elmi mərkəzlərin yaranmamasının nəticəsidir ki, adət-ənənələrimiz sahəsində ümumən geriyə addımlayırıq. Teleseriallar ona görə yaranıb ki, əhalinin adət-ənənəsi, mentalitetində xoşəgəlməyən məqamları tənqid edib, xoşagələn məqamları isə təbliğ edək. Amma ölkəmizdə teleserial çəkənlərin bundan xəbərləri yoxdur. Onlar elə bilirlər ki, hay-küy qoparıb, insanları güldürmək və ya ağlamaqla məsələ bitir.
Gənclərimzin bu sahədə fəaliyyəti də qənaətbəxş deyil. Bu sahədə iş görməli olan nazirlik və ictimai təşkilatların özləri belə nə etmək lazım olduğunu bilmirlər. Elmi əsaslara əsaslanan fəaliyyət proqramlarımız olsa, gənclər təşkilatları, universitetlərimiz də nə etmək lazım olduğunu bilər. Bu məsələlərin hər biri ağıllı yanaşma tələb etsə də, 30 ildə bunun şahidi ola bilmədik”.
Həmsöhbətimizə görə, Azərbaycan xalqının müstəqillik əldə etdikdən üzü bəri ciddi inkiaf etdirdiyi adət-ənənələri yoxdur. Onun fikrincə, yalnız vətənpərvərlik sahəsində mühüm irəliləyişlər əldə olunub:
"44 günlük müharibədə qalib gəlməyimiz vətənpərvərlik hisslərimizin inkişafına güclü təkan verib. Bunun da nəticəsində milli kimliyimizi daha çox dərk etməyə başlamışıq. Yəni milli və vətənpərvərlik məsələlərində irəliləyiş var. Adət-ənənələrimizlə bağlı olan qalan məsələlərdə, ailə dəyərləri sahəsində isə əksinə geriyə gedirik”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər