Yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı xalqın gözü qarşısında yandıran Danimarkanın ifrat sağçı "Sərt xətt” Partiyasının qurucusu və lideri Rasmus Paludan gələn təhdidlərə baxmayaraq, bu cür hərəkətlərini davam etdirəcəyini bildirib.
Qaynarinfo-nun məlumatına görə, "Instagram"da yayımladığı videomüraciətdə Paludan bildirib ki, səfirliyin qarşısında yandırdığı Quran onun şəxsi kitabıdır və İsveçdə, eləcə də Danimarkada öz kitabını yandırmaq tamamilə qanunidir .
Onun sözlərinə görə, Quran yandırma kampaniyasından sonra Türkiyədən, İndoneziyadan və başqa yerlərdən çoxlu "çox qəzəbli” insanlar ona zərər verməklə hədələyən mesajlar yazıblar: "Bu, çox, çox axmaqlıqdır”.
"Türkiyə və İndoneziyadan olan insanlar məni hədələdiyi üçün Quranı daha tez-tez yandırmağa hazırlaşıram. Danimarkada, bəlkə də İsveçdə və başqa ölkələrdə Quranı daha tez-tez yandıracağam. Sadəcə buna dözmək lazımdır, bununla bağlı heç nə edə bilməzsiniz. Etiraf etməlisiniz ki, siz Quranı yandıra və İslamı tənqid edə bilərsiniz”, deyə siyasətçi bildirib.
Rasmus Paludan 41 yaşlı danimarkalı hüquqşünas və ifrat sağçı "Sərt xətt” Partiyasının qurucusudur. Əvvəllər - 2019, 2020, həmçinin 2022-ci ilin aprelində dəfələrlə Quranın yandırılması kampaniyası keçirib. Siyasətçi bir neçə dəfə islam əleyhinə nümayişlər də təşkil edib və bu nümayişlər kütləvi davalara çevrilib. 2020-ci ildə Danimarka məhkəməsi tərəfindən irqçilik, böhtan və təhlükəli sürücülük kimi 14 müxtəlif ittihamla bir ay həbs və daha iki aylıq sınaq cəzasına məhkum edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi ilə bir arada digər islam ölkələrin dövlət qurumları bu aksiyanı pisləyən bəyanatla çıxış ediblər. Ayrı-ayrı şəhərlərdə etiraz aksiyaları keçirilib.
Türkiyə Xarici İşlər Nazirliyi İsveçi Stokholmda Quran yandırma tədbirinə icazə verdiyinə görə qınayıb. Xarici İşlər Nazirliyi bunu NATO-ya üzv olmaq üzrə öhdəliklərin pozulması adlandırıb. Bunun fonunda Türkiyə İsveçin müdafiə nazirinin səfərini ləğv edib. Stokholm da öz növbəsində islamofobiyanı dəstəkləmədiyini, lakin ölkədə "geniş fikir azadlığının” olduğunu bəyan edib.
Bu aksiya Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən də tənqid edilib. O, Rasmus Paludanı "əclaf” və "Danimarka Satanist Partiyasının lideri” adlandırıb.
Nizami Bağırov
Şərhlər