Xəbər lenti

Reabilitasiya mərkəzləri: Həbsxana, yoxsa şəfa ocağı?
Ölkə 16:41 09.01.2026

Reabilitasiya mərkəzləri: Həbsxana, yoxsa şəfa ocağı?

Bu gün hər kəsi narahat edən bir sual var - pasiyentlər reabilitasiya mərkəzindən niyə qaçır? Oradakı şəraitdən, aparılan müalicədənmi narazıdırlar, yoxsa başqa səbəblər var? 

Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən reabilitasiya mərkəzlərində baş verən hadisələr - mərkəzdəki ölüm faktları və xəstələrin qaçışları son günlər gündəmdən düşmür. Yadınızdadırsa, bir neçə gün bundan əvvəl "Həyat üçün şans" Reabilitasiya Mərkəzində baş verən hadisə hər kəsi şoka salmışdı. Pərviz Həsənov adında biri bacısının istəyi ilə reabilitasiya mərkəzinə oğurlanaraq zorla gətirilib. Yəni qoluna qandal vurulmuş şəkildə. Şahidlərin sözlərinə görə, Pərviz mərkəzə gətirildiyini biləndə buna qarşı çıxıb, orada qalmaq istəməyib. Pərviz Həsənov getmək istəyəndə buna qarşı çıxıblar və onu aşağı mərtəbəyə keçiriblər. Bu zaman Pərvizin ürəyi gedib. Təcili tibbi yardıma zəng edəndə isə artıq keçindiyi müəyyən olunub.

Daha bir ölüm faktı isə Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində yerləşən "Birlik" reabilitasiya mərkəzində qeydə alınıb. Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Şəfiyev müalicə aldığı mərkəzdə naməlum səbəbdən öldüyünə dair məlumat yayılıb. Adıçəkilən mərkəzin narkomaniya, alkoqolizm və digər asılılıqlarla mübarizə apardığı bildirilib.

Dünən axşam isə tanınmış jurnalist Nəsimi Nəbizadənin müalicə aldığı "Qurtuluş" Reabilitasiya Mərkəzindən qaçdığı bildirilib. Onun Saray qəsəbəsinə- öz doğma kəndinə getdiyinə dair məlumat alan mərkəzin direktoru çağırış edərək, hər kəsi (?) Saray qəsəbəsinə dəvət edib....

Beləliklə, adları fərqli olan mərkəzlərdə real olan nəticə - ölüm və mərkəzdən qaçış faktları...

Narkomaniya bəlasından qurtulmaq üçün çalışan, xüsusu ilə də tanınmış şəxsi müalicə olunduğu mərkəzdən qaçıran səbəb nədir?

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə bağlı mərkəzin direktoru ictimaiyyəti məlumatlandırmalıdır:



"Bu cür mərkəzlər xəstələri qəbul edibsə, onların təhlükəsizliyinə də cavab verməlidirlər. Bu mütləqdir. Bütün bu məsələyə aydınlıq gətirilməlidir. Mərkəzin lisenziyasının olub-olmamasına gəlincə, bununla bağlı fikir bildirmək çətindir. Düşünmürəm ki, mərkəzlər lisenziyasız fəaliyyət göstərə bilsinlər. Burada təkcə müalicə deyil, eyni zamanda psixoterapiya, sonra narkotikə aludə olmuş şəxslərin vərdişdən ayrılması yolları üçün davranış qaydaları öyrədilir. Bununla bağlı "YouTube”də videolar var və biz onları izləyirik. Bu epizodlar xoşagələn deyil, hər halda həmin mərkəzin rəhbərliyi çıxıb açıqlama verməlidir ki, bu hadisə niyə baş verib".

Professor mərkəzə yerləşdirilmiş şəxslərin əksəriyyətinin ailələri tərəfindən etibar edildiyini vurğulayıb:

"Ailələr onları həmin mərkəzə etibar ediblər. Onların təhlkəsizlik parametrləri necə qorunur? Bu şəxslər oradan necə qaça bilir? Unutmayaq ki, qaçış zamanı onların başına hadisə gələ, yaxud da bir cinayət törədə bilərlər. Bunlar arzu olunan deyil. Əgər bir mərkəz xəstəni qəbul edibsə, onların başına gələcək hər hadisəyə cavabdehdir”.

Narkoekspert, Sosial Təşəbbüs MMC-in rəhbəri, təlimçi Emil Maqalov bu məsələnin diqqətçəkən və çox qəliz prosedur olduğunu vurğulayıb:



"Burada "12 addım” proqramından istifadə olunur. Bu adamlar tüfeyli həyat sürür, bəziləri avara olub, bəziləri isə narkotik tapmaq üçün ağır vəziyyətlərə düşüb, çox pis hərəkətlərə əl atıblar. Birdən-birə bunların mühitini dəyişmək böyük bir problemdir. "12 addım” proqramında həm psixoloq, həm həkim müayinələri və müalicələri var. Əgər ilk olaraq onlarla bağlı psixoloqlar işləyirsə, onların mühitinin dəyişməsi prosesi asan olur”.

Emil Maqalov əlavə edib ki, adətən narkotik istifadəçilərinin özləri həm psixoloqluq edir, həm də həkimlik:

"Bu səbəbdən də belə hallar baş verir. Faktiki olaraq bu gün narkomanların azalması polisdən, DSX-dən və digər aidiyyatı dövlət qurumlarından əlavə, həm də həmin bu kimi reabilitasiya mərkəzlərinin sayəsindədir. Birinci yerdə jurnalistlərdir. Onlar bu hadisələri işıqlandırır, həmin mərkəzlər bunu görür və onları müalicəyə yönəldir”.

Emil Maqalovun fikirincə, bu kimi hallar davamlı olacaq:

"Çünki bu qəliz prosedurdur. Belə bir söz var, kənardan baxana asan görsənir. Amma  elə deyil, çox çətin işdir. Bu kimi təşəbbüs və tədbirlərə dəstək verməliyik”.  

Bahar Rüstəmli
--> -->