Xəbər lenti

Rusiya artıq sülh danışıqlarından yayınmağa başlayıb: Qərb nə edəcək?
Dünya 18:52 21.08.2025

Rusiya artıq sülh danışıqlarından yayınmağa başlayıb: Qərb nə edəcək?

"Alyaska danışıqları fonunda gözlənilən sülh səyləri də nəticə verməsə, Qərb silahlanmaq, özünün hərbi gücünü daha da artırmaq və belədə Ukraynanı da əsaslı şəkildə silahlandırmaq yolunu tutmalı olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Rusiyanın Alyaska görüşündən sonra belə sülh danışıqlarından yayınmağa cəhd edəcəyi təqdirdə, Qərbin hansı addımları atacağını şərh edərkən deyib.

"Prosesin gedişi belə deməyə əsas verir ki, Ukraynada müharibə hələ davam edəcək. Danışıqlar prosesi getsə də, yaxın zamanlarda müharibə bitməyəcək. Müharibənin dayandırılması hadisəsi bəlkə də ilin sonuna doğru baş verəcək", deyə Mehman Əliyev bildirib. 



Onun fikrincə, hər şey ABŞ-Rusiya ikitərəfli münasibətlərindən asılı olacaq:

"Onlar arasında münasibətlərdə isə problemlər var və aralarında savaş gedir. Ukrayna isə burada vasitəyə çevrilib. Bu mənada öz maraqları ilə bağlı Vaşinqtonla Moskva razılığa gələ bilsə, Ukraynadakı müharibə də dayandırılacaq. İndiki halda isə nəticə olmayacaq və müharibə də davam edəcək. Burada hər bir tərəfin öz marağı var. Dünyanın aparıcı dövlətlərində hərbi sənaye kompleksi mühüm yer tutur. Ukraynadakı müharibə isə dünya güclərinə öz hərbi sənaye komplekslərini daha da gücləndirməyə şərait yaradır. Dövlətlər hərbi sənaye üzrə büdcələrini də xeyli artırır. Yəni hələlik heç kim savaşa son qoyulmasında maraqlı deyil. Ona görə də hələlik müharibə davam edəcək. Yaranmış bu vəziyyətdə, habelə Rusiyanın Alyaska görüşündən sonra belə sülhə maraq göstərmədiyinin üzə çıxması fonunda Qərbin də diqqəti daha əsaslı şəkildə məhz hərbi-sənaye kompleksinin gücləndirilməsinə yönələcək. Qərb silahlanmaq, özünün hərbi gücünü artırmaq və belədə Ukraynanı da əsaslı şəkildə silahlandırmaq yolunu tutacaq".

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında Alyaska görüşündən sonra Ukraynada sülhün əldə ediləcəyinə olan ümidlər artıq puça çıxmaq üzrədir. Bunun da əsasını Rusiya rəsmilərinin son açıqlamaları qoyub. Lavrov Putin-Zelenski görüşünün iki həftəyə baş tutacağı iddialarını təkzib edib. Halbuki Tramp tezliklə belə bir görüşün olacağına işarə vurmuşdu. Bundan başqa Rusiyanın hərbi zərbələri də səngimir. Rusiya bu gücə Ukraynaya kütləvi raket hücumu edib. Bunlar isə Moskvanın sülh danışıqlarında maraqlı olmadığı versiyasını gücləndirir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->