"Prezident Əhməd əl-Şaraa Rusiya ilə qarşılıqlı anlaşma zəminində hərəkət edərək, ölkə ərazisində Moskvanın hərbi, iqtisadi və siyasi mövcudluğu üçün təminatlar versə, Bəşər Əsədin təhvil verilməsi də tamamilə real ssenari olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Kremlin keçmiş Suriya lideri Bəşər Əsədi Dəməşqə təhvil verilib-verilməyəcəyini şərh edərkən deyib.
Azər Hüseynov bildirib ki, bu sualın cavabı, mahiyyət etibarilə, Rusiyanın Suriyada və bütövlükdə Yaxın Şərqdəki strateji maraqlarının təhlilində gizlənir:
"Moskva üçün əsas məsələ, konkret liderin - bu halda Bəşər Əsədin taleyi ilə bağlı deyil, Rusiya Federasiyasının bölgədəki təsir imkanlarının qorunması və genişləndirilməsidir. Rusiya üçün əsas məqsəd Suriyada fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də ölkənin enerji, bərpa və təhlükəsizlik sektorlarında iştirak imkanlarının qorunmasıdır”.
Konfliktoloqa görə, bu addımın psixoloji və siyasi nəticələri az əhəmiyyət kəsb etmir:
"Rusiya uzun illərdir Əsəd rejiminin əsas dayağı kimi çıxış edib və bu fakt Moskvanın regiondakı "müttəfiqlərinə sadiq tərəfdaş" imicini formalaşdırıb. Əsədin birdən-birə təhvil verilməsi Rusiya ilə əməkdaşlıq edən digər qüvvələr arasında etimadsızlıq və narahatlıq doğura bilər. Buna görə Kreml bu prosesi açıq şəkildə deyil, tədrici və nəzarətli formada həyata keçirməyə üstünlük verə bilər".
Yəni ekspertin fikrincə, Moskvanın Əsədlə bağlı verəcəyi son qərar rəsmi Dəməşqin Rusiyaya münasibətdə tutacağı mövqedən asılıdır:
"Moskvanın xarici siyasətinin əsas prinsipi şəxsi sədaqət deyil, dövlət maraqlarıdır. Əgər yeni Suriya rəhbərliyi Rusiya ilə uzunmüddətli əməkdaşlığı təmin edəcək real mexanizmlər və zəmanətlər təklif edərsə, Kreml üçün Əsədin siyasi gələcəyi artıq prinsipial məsələ sayılmaya bilər. Əsədin siyasi taleyi Rusiyanın strateji maraqları fonunda ikinci dərəcəli məsələ kimi görünür. Əgər Kreml hesab edərsə ki, əl-Şaraa dövründə Suriyada onun maraqları daha etibarlı şəkildə qorunacaq, Putin üçün Əsədin verilməsi nə emosional, nə də siyasi tabu sayılmaz. Rusiya üçün əsas olan öz maraqlarının təminidir, liderlərin adları isə dəyişə bilər".
Qeyd edək ki, Suriya prezidenti Əhməd əl-Şaraa oktyabrın 15-də Moskvada səfərdə olub. Səfər bir sıra məqsədlərdən qaynaqlanır ki, onlardan biri də heç şübhəsiz keçmiş Suriya lideri Bəşər Əsədin Dəməşqə təhvil verilməsidir. Prezident Əhməd əl-Şaraa Əsədin mümkün cinayətlər üzrə məhkəməyə çıxarılması üçün onun təjvil verilməsinə çalışır. Moskva isə hələlik bu məsələdə sakitliyə qərq olub. Bu da müəyyən alverə getmək niyyətinin olduğundan xəbər verir.
Rüfət Sultan
Şərhlər