Xəbər lenti

Siyasət 21:50 02.04.2024

"Rusiya Cənubi Qafqazdan çıxarılacaq" - Politoloq

"Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesi yumşaq gücdən istifadə edilməklə həyata keçiriləcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir və bu aprelin 5-də Brüsseldə Ermənistan rəhbərliyilə görüş keçirəcək:

"Belə iddialar səslənir ki, guya burada Ermənistanın müdafiəsi paktı yaradılacaq. Bu, çox təhlükəli tendensiyadır və Azərbaycana qarşı mənfi təsirləri ola bilər. Amma burada əsas məqsəd Rusiyanın bölgədən çıxarılmasına nail olmaqdan ibarətdir".



Həmsöhbətimiz qeyd edir ki, Moskvaya münasibətdə ikinci cəbhənin açılması, Ermənistanın, yaxud da regionun üç dövlətinin birgə Rusiyaya qarşı mübarizəsi o qədər də ağlabatan deyil:

"Bu, mümkünsüzdür. Bölgədə onsuz da qan axan yara kimi bir problemin həlli gözlənilir. Söhbət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından gedir. Bu səbəbdən Rusiyanın bölgədən çıxarılmasını yumşaq gücdən istifadə etməklə həyata keçirmək mümkündür".

Politoloqa görə, Rusiyanın bölgəmizdən çıxarılması bütün hallarda Qərbin Ukraynada əldə edəcəyi uğurla paralel olacaq:

"Ukrayna cəbhəsində məğlub olan Rusiya tamamilə küncə sıxışdırılaraq, bunun ardınca Moskva Cənubi Qafqazdan da qovulacaq".

Qeyd edək ki, Ermənistanla əlaqələri gücləndirmək cəhdləri Qərbin Cənubi Qafqazda qərar tutmağa çalışdığını göstərir. Görünən odur ki, İrəvan artıq  Qərbə üz tutub. Aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistan rəhbərliyi arasında olacaq görüş bu fonda Qərbin Qafqazda qərar tutmasında mühüm addım ola bilər. Amma Qərb regionumuzda özünə  yer etməsi üçün ilk növbədə Rusiyanı buradan çıxarmalıdır. Hadisələrin gedişi də prosesin məhz bu  istiqamətdə getdiyinin göstərir. Belə vəziyyətdə isə  Cənubi Qafqazın da Qərblə Rusiya arasında ciddi qarşıdurma ocağına çevrilməsi istisna edilmir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->