Xəbər lenti

Siyasət 19:17 17.05.2023

“Rusiya Cənubi Qafqazı tərk edəcək” - Politoloq

"Son günlər Rusiya "Roma papasından daha çox katolik olmağa başlayıb””. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada olacaq görüşünü şərh edərkən deyib:
 
"Moskva görüşündə konkret hansısa bir sənəd imzalanmayacaq. Rusiya görüşdə münaqişə tərəflərinin maraqları çərçivəsində olan bütün spektr üzrə ciddi diskussiya və müzakirənin olmasına çalışır ki, prosesdə yaxınlaşmanı təmin edə bilsin. Ancaq bu məsələnin Qarabağa aydiyyatı yoxdur. Rusiyanı İrəvanın artıq Qarabağdan vaz keçməsi narahat edir. Ermənistanın Qarabağdan vaz keçməsi və bunun gələcək sülh sazişində əksini tapması Moskvanın Qarabağdakı varlığının üstündən xətt çəkir. Çünki Azərbaycandan rus hərbi kontingentinin çıxması, bütövlükdə Cənubi Qafqaz, eyni zamanda, Ermənistandakı hərbi baza və sərhəd ərazilərindən Rusiya qoşunlarının çıxarılmasını tətikləyəcək”. 

Ekspertə görə, Moskva danışıqlarında Rusiya Zəngəzur və sərhəd məsələsində aktivlik nümayiş etdirmək istəyəcək:
 
"Çünki Brüsseldəki anlaşmaya görə, Zəngəzur dəhlizinin açılması məsələsində müəyyən razılaşma var. Amma burada mövcud olacaq bütün prosedurlar bilavasitə Beynəlxalq Gömrük Təşkilatının iştirakı ilə mümkün olacaq. Bu da Rusiyaya hansısa bir bəhanə verilməməsi üçündür. Moskva isə Zəngəzur məsələsini yenidən gündəmə gətirməklə çalışacaq ki, prosesdə öz varlığı və nəzarətini təmin etsin. Lakin artıq bu mümkün deyil”. 

Ekspert hesab edir ki, Moskvanın oynaya biləcəyi sahə yalnız sərhədlərin delimitasiya və demarkasiyası ola bilər:
 
"Ancaq burada da ciddi irəliləyişin olacağını gözləmirəm. Ən azı ona görə ki, sərhəd anlayışının özü müəyyən deyil ”. 

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, mayın 19-da Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Аrаrаt Mirzoyanın Moskvada görüşü olacaq. Görüşdə post-münaqişə dövrü müzakirə ediləcək.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->