Lixtenşteyn krallığı hazırda Rusiya ilə əlaqəli yüzlərlə hüquqi qurumun fəaliyyətini iflic edən və "zombi-trastlar” adlandırılan ciddi maliyyə böhranı ilə üz-üzədir.
Qaynarinfo-nun "The Financial Times"a istinadən məlumatına görə, vəziyyət o qədər kəskinləşib ki, hökumət bu problemin həlli üçün xüsusi fövqəladə işçi qrupu yaradıb.
Böhran necə yarandı?
Lixtenşteyn - minlərlə trast və fonda ev sahibliyi edən kiçik bir Alp dövləti - son altı ayda ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına uyğunlaşmağa çalışarkən çoxsaylı trast idarəçilərinin və direktorlar şuralarının üzvlərinin istefası ilə qarşılaşıb. Nəticədə, 800-ə yaxın təşkilat hüquqi baxımdan tanınsa da, faktiki olaraq dondurulmuş vəziyyətdə qalıb: nə onları idarə edən var, nə də aktivlərin likvidasiyasını aparan.
FMA-nın mövqeyi və sənaye üzrə təsirlər
Lixtenşteynin Maliyyə Bazarlarına Nəzarət İdarəsi (FMA) ABŞ sanksiyalarını icrası məcburi kimi qiymətləndirərək, sektor nümayəndələrinə "riskli” hesab edilən müştərilərlə əlaqələri dayandırmağı tövsiyə edib. FMA-nın fikrincə, bu, "yeganə qənaətbəxş riskə nəzarət vasitəsidir”. Bu tövsiyə isə idarəçilərin kütləvi şəkildə istefa verməsinə səbəb olub.
"Schwärzler Rechtsanwälte” hüquq firmasından vəkil Helmut Şvartsler bildirib ki, fərqli hüquqi rejimlər və Lixtenşteyn qanunvericiliyindən irəli gələn öhdəliklər yeni idarəçilərin tapılmasını demək olar mümkünsüz edib: "ABŞ-ın addımları gözlənilməz oldu və sektorda panika yaratdı”.
Onun sözlərinə görə, bu qurumların əksəriyyəti sanksiyalara məruz qalmamış ruslara məxsusdur və onların əksəriyyəti Fransa, İtaliya və BƏƏ kimi ölkələrdə yaşayır.
Rəqəmlər və risklər
* 350 təşkilat hal-hazırda tənzimləmə müddətinin başa çatmasını gözləyir.
* 40 təşkilat ilkin likvidasiya mərhələsindədir.
* 85 trast üzrə isə likvidator təyin edilə bilmir.
* Ümumilikdə 800 təşkilatın bu böhrandan təsirlənə biləcəyi ehtimal olunur.
Bu trastların qeyri-şəffaf təbiəti onların aktivlərinin real həcmini müəyyənləşdirməyi çətinləşdirir. Mənbələrin bildirdiyinə görə, bu aktivlər arasında 5 milyon dollardan milyardlarla dollar dəyərində varidat var: yaxtalar, təyyarələr, ailə ofisləri və lüks daşınmaz əmlak daxil olmaqla.
Lixtenşteynin maliyyə mərkəzi kimi imici təhlükədədir
Ekspertlər hesab edirlər ki, bu böhran ölkənin vergi və hüquqi cəhətdən əlverişli olan, eləcə də geosiyasi risklərdən qorunma imici ilə tanınan maliyyə sektoruna ciddi zərbə vura bilər.
Bundan əlavə, "Gasser Partner” hüquq firmasının partnyoru Yoxannes Qasser hesab edir ki, əgər problem həll olunmazsa, Rusiya tərəfindən təzyiqlər də istisna deyil. Onun fikrincə, bu, ABŞ-dan əlavə daha bir böyük güc tərəfindən misilsiz və gözlənilməz risklərə yol aça bilər.
Aydın
Şərhlər