Xəbər lenti

Rusiya-Ukraynada müharibədə əsgər itkiləri 2 milyona yaxınlaşır (ARAŞDIRMA)
Dünya 16:18 28.01.2026

Rusiya-Ukraynada müharibədə əsgər itkiləri 2 milyona yaxınlaşır (ARAŞDIRMA)

Ukraynada təxminən dörd ilə yaxın davam edən döyüşlərdən sonra ölən, yaralanan və itkin düşənlərin sayı ağır psixoloji həddə yaxınlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Yeni araşdırmaya əsasən, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin təxminən dörd ili ərzində öldürülən, yaralanan və ya itkin düşən rusiyalı və ukraynalı hərbçilərin ümumi sayı bu ilin yazına qədər 2 milyona çata bilər. Bu rəqəm Rusiyanın qonşu ölkəyə qarşı hücumlarını davam etdirdiyi bir vaxtda son dərəcə sarsıdıcı göstərici kimi qiymətləndirilir.

Vaşinqtonda yerləşən "Center for Strategic and International Studies” tərəfindən dərc edilən araşdırmada bildirilir ki, təxminən 1,2 milyon rusiyalı və 600 minə yaxın ukraynalı hərbçi öldürülüb, yaralanıb və ya itkin düşüb. Beləliklə, hər iki tərəfin ümumi itkiləri təxminən 1,8 milyon nəfər təşkil edir.

Müharibəboyu itkilərin dəqiq sayını müəyyənləşdirmək çətin olub. Hesab edilir ki, Rusiya ölən və yaralananların sayını sistemli şəkildə az göstərir, Ukrayna isə rəsmi rəqəmləri açıqlamır. Araşdırmada ABŞ və Böyük Britaniya hökumətlərinin qiymətləndirmələrindən, eləcə də digər mənbələrdən istifadə edilib.

Bu göstəricilər Rusiyanın Ukraynada əldə etdiyi zəif irəliləyişin qaranlıq mənzərəsini ortaya qoyur. Araşdırmaya görə, bəzi ərazilərdə Rusiya qoşunları gündə cəmi 15–70 metr irəliləyə bilir.

"Center for Strategic and International Studies”in məlumatına əsasən, Rusiya 2024-cü ilin yanvarından bəri Ukrayna ərazisinin 1,5 faizini ələ keçirib və hazırda ölkənin təxminən 20 faizinə nəzarət edir.

İtkilərlə bağlı son məlumatlar Rusiya, Ukrayna və ABŞ rəsmiləri arasında – hər üç ölkənin iştirakı ilə ilk dəfə keçirilən danışıqlardan sonra açıqlanıb. Həmin danışıqlar şənbə günü nadir hallarda rast gəlinən müsbət notla başa çatıb.

ABŞ və Ukrayna bir neçə dəfə yenidən işlənmiş sülh planının böyük hissəsi üzrə razılığa gəlib. Lakin Rusiyanın bu planın hər hansı hissəsini qəbul edib-etməyəcəyi hələ də aydın deyil.

Bu arada ölənlərin sayı artmaqda davam edir. CSIS-in məlumatına görə, prezident Vladimir Putinin 2022-ci ilin fevralında əməliyyat əmri verməsindən sonra həlak olan rusiyalı hərbçilərin sayı 325 minə yaxınlaşıb. Araşdırmada qeyd olunur ki, II Dünya müharibəsindən bəri heç bir böyük dövlət bu qədər böyük itkilərə məruz qalmayıb.

Təkcə 2025-ci ildə rusiyalı ölən və yaralananların sayı təxminən 415 min nəfər olub ki, bu da ayda orta hesabla 35 minə yaxın itki deməkdir. ABŞ prezidenti Donald Tramp ötən həftə bildirib ki, Ukraynada hər ay təxminən 26 min əsgər həlak olur.

Araşdırmanın qiymətləndirməsinə görə, müharibənin əvvəlindən bəri 100 mindən 140 minədək ukraynalı hərbçi öldürülüb. Araşdırmanın müəlliflərindən biri olan Set Consun sözlərinə görə, müharibə Rusiyanın iqtisadiyyatına da mənfi təsir göstərib. Hesabatda qeyd olunur ki, Rusiyanın hərbi iqtisadiyyatı artan təzyiq altındadır: istehsal azalır, iqtisadi artım 2025-ci ildə 0,6 faizə enib və uzunmüddətli məhsuldarlıq artımını dəstəkləyə biləcək qlobal rəqabətqabiliyyətli texnoloji şirkətlər mövcud deyil.

Cons bildirib ki, yüksək itki göstəriciləri, Rusiyanın ərazi qazanclarının zəif tempi və iqtisadi itkilər ölkənin açıq şəkildə zəiflədiyini göstərir. O yazıb ki, Rusiyanın Ukraynada döyüş meydanındakı uğursuzluğu və iqtisadi məhsuldarlığın azalması onun böyük dövlət kimi ciddi tənəzzül yaşadığını göstərir. Rusiya hələ də nüvə silahına və böyük silahlı qüvvələrə malik olsa da, hərbi, iqtisadi və elmi-texnoloji kateqoriyaların əksəriyyətində artıq böyük dövlət hesab edilə bilməz.

Aydın
--> -->