Xəbər lenti

Rusiyada oliqarxlara qarşı artan təzyiq kampaniyasının səbəbi nədir? (ŞƏRH)
Dünya 15:50 09.07.2025

Rusiyada oliqarxlara qarşı artan təzyiq kampaniyasının səbəbi nədir? (ŞƏRH)

"Kreml ayrı-ayrı oliqarxları sıxıb büdcəni doldurmaq üçün onlardan müəyyən vəsait qoparmağa çalışır".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rusiya daxilində son zamanlar oliqarxlara qarşı artan təzyiq kampaniyasının səbəblərini şərh edərkən deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Rusiya bir çox ölkələrlə münasibətlərini beynəlxalq hüquqa uyğun dövlətlərarası münasibətlər kimi qurmur:

"Bu münasibətlər daha çox şəxsi kontekstdə qurulur. Belədə istifadə edilən siyasi metodlar da qeyri-siyasi metodlar olur. Rusiya hakimiyyətinin ölkə daxilində vətəndaşlarına qarşı münasibəti də eynidir. Sirr deyil ki, Ukraynada aparılan müharibə nəticəsində Rusiyanın iqtisadi vəziyyəti həddən artıq çətin duruma düşüb. Rusiya sonu görünməyən müharibəyə milyardlarla dollar vəsait xərcləməli olur. Qeyri-dövlət sektorunda da demək olar ki, heç bir iqtisadi fəaliyyət gözə dəymir. Rusiyada bütün əmlak ayrı-ayrı oliqarxların əlində cəmləşib. Belə vəziyyətdə mərkəzi hakimiyyət bu kimi inzibati yollara əl atmaqla tələb olunan vəsaiti toplamağa çalışır. Büdcənin doldurulması müşkül məsələyə çevrilib. Oliqarxların nəzarətində olan şirkətlər də vergidən yayınırlar. Yəni Rusuyada özbaşınalıq baş alıb gedir".
 


Həmsöhbətimizin fikrincə, bu kimi çabalar Rusiyanın dağılmaq ərəfəsində olduğuna işarədir:

"Ona görə də bu addımlar dağılmağın qarşısını almaq üçün edilən çox ucuz və mənasız cəhdlərdir. Ukraynaya müdaxilə də bununla bağlıdır. Belə məsələlərlə xalqa ümid vermək, onlarda guya ölkədə hansısa islahatların, təmizləmə işlərinin aparılacağı ilə bağlı gələcəyə inam yaratmaq məqsədi güdürlər. Bütün bunlar da rejimin ömrünü uzatmağa xidmət edir".

Qeyd edək ki, Rusiyada oliqarx ovu günü-gündən daha kəskin xarakter alır. İyulun 6-da Rusiyanın tanınmış deputat oliqarxı, "Yujuralzoloto" şirkətinin sahibi Konstantin Strukov Türkiyəyə uçmağa çalışarkən hava limanında saxlanılıb. Rusiya mətbuatının məlumatına görə, Strukovun şəxsi təyyarəsi məhkəmə icraçıları tərəfindən müsadirə olunub, həmçinin onun xarici pasportu da əlindən alınıb. O, ölkədən çıxışa qadağan olunmuş şəxslər siyahısına daxil edilib.

Bundan əvvəl Rusiya Baş Prokurorluğu "Yujuralzoloto"nun milliləşdirilməsini tələb etmişdi. Strukovun eyni zamanda həm biznes fəaliyyəti, həm də qanunverici orqanda mandat sahibi olması qanun pozuntusu kimi qiymətləndirilir. 

Bu və buna bənzər digər hadisələr Rusiya daxilində oliqarxlara qarşı artan təzyiqlərin bir hissəsi kimi dəyərləndirilir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->