Dünya 15:03 07.10.2022

Rusiyanı tərk edən xarici şirkətlər 240 milyard dollar itirib

Strateji Araşdırmalar Mərkəzinin hesablamalarına görə, Rusiyada fəaliyyətini dayandıran xarici şirkətlər Ukraynada müharibə başlayandan bəri 200-240 milyard dollar itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC Strateji Araşdırmalar Mərkəzinin (SAM) "Xarici biznesin təsviri” araşdırmasına istinadən yazır.
 
2022-ci il sentyabrın əvvəlinə olan məlumata görə, ən böyük xarici şirkətlərin 34%-i Rusiyadakı işlərini məhdudlaşdırıb, daha 15%-i aktivlərini yeni rusiyalı sahiblərinə ötürərək ölkəni tərk edib, 7%-i isə biznesini satmadan ölkədən tamamilə çıxdığını elan edib.

Eyni zamanda, xarici şirkətlərin qalan 44%-i adi qaydada işləməyə davam edir. Ümumilikdə, SAM tədqiqata 5 mindən çox xarici şirkət daxil edib, onlardan 600 şirkət "ən böyük" şirkətlərə aiddir.

Ölkələr kontekstində Rusiyanı ən çox Finlandiya (80%), Danimarka (73%) və Böyük Britaniya (35%) şirkətləri tərk edib. Ekspertlər qeyd edirlər ki, digər ölkələrin biznesi "daha çevik və praqmatikdir”. Bura Avstriya, Yaponiya, İsveçrə, eləcə də hakimiyyəti Rusiyanı sərt tənqid edən Polşa şirkətləri aiddir.
SAM hesablamalarına görə, şirkətlərin yalnız 40%-i xarici ticarət əməliyyatlarına qadağa, valyuta məzənnəsinin dəyişməsi, maddi-texniki çatışmazlıqlar və əməliyyatlarda çətinliklərlə bağlı "obyektiv” səbəblərə görə Rusiyanı tərk edib. Qalanları isə "subyektiv" səbəblərə görə Rusiya bazarını tərk edərək reputasiya itkilərini azaltmağa çalışıblar.

Ümumilikdə Rusiyanı tərk edən və ya fəaliyyətini məhdudlaşdıran xarici şirkətlər fevralın sonundan indiyədək 240 milyard dollara qədər itirib ki, bunun da 70-90 milyard dolları Rusiyanı tərk etmək qərarına gələnlərin payına düşür. Eyni zamanda, biznesini rus sahibinə keçirən şirkətlər, sadəcə olaraq, tərk edənlərə nisbətən orta hesabla 23% daha çox itirib. Bununla belə, biznesini satan şirkətlər əməliyyatları məhdudlaşdıran şirkətlərdən 19% az itiriblər.

ABŞ (102 milyard dollar), Böyük Britaniya (78 milyard dollar) və Almaniya (51 milyard dollar) şirkətləri ən çox itirib. Şirkətlərin Rusiyadan getməsi Finlandiya ( - 2%), İsveç ( - 1,5%), Böyük Britaniya ( - 1,3%) və Danimarka ( - 1%) ÜDM-ə ən çox təsir edib.

Sektor kontekstində ən böyük itkilərə neft və qaz hasilatı, maliyyə sektoru, avtomobil sənayesi və qida sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər məruz qalıb. Ən az təsirə məruz qalan məişət texnikası, mikroelektronika istehsal edən, həmçinin biznes və İT xidmətləri göstərən şirkətlər olub.
Xarici şirkətlərin itkiləri ilə bağlı SAM qiymətləndirməsi Qərb ekspertlərinin təxminlərindən demək olar ki, beş dəfə yüksək olub. "The Wall Street Journal” avqustda yazırdı ki, xarici şirkətlər Rusiyanı tərk etməklə ümumilikdə 59 milyard dollar itiriblər. Ən böyük itkilər "McDonald's” (1,4 milyarda qədər) və "ExxonMobil”ə (3,4 milyard) aid olub.

Nizami Bağırov