Xəbər lenti

Saniyələr içində minlərlə ölüm: Gəmi toqquşması bir şəhəri necə məhv etdi?
Dünya 08:15 12.06.2026

Saniyələr içində minlərlə ölüm: Gəmi toqquşması bir şəhəri necə məhv etdi?

1917-ci ilin dekabrında Kanadanın Halifax şəhərində baş verən faciə bu günə qədər insan tarixindəki ən güclü qeyri-nüvə partlayışlarından biri kimi qəbul edilir. Hadisənin səbəbi limanın dar boğazında iki gəminin cəmi təxminən 1,6 km/saat sürətlə toqquşması olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" yazıb.

I Dünya müharibəsi dövründə Halifax Atlantik okeanı üzərindən hərbi yüklərin daşınması üçün əsas limanlardan biri idi. 6 dekabr 1917-ci ildə Fransa yük gəmisi "Mont-Blanc” təxminən 2367 ton partlayıcı maddə daşıyırdı.

Limanın dar hissəsində o, Norveç gəmisi "Imo” ilə qarşılaşıb. Manevr zamanı anlaşılmazlıq nəticəsində toqquşma baş verib və "Imo”nun burnu Fransız gəmisinin gövdəsinə daxil olub.

Zərbədən yaranan qığılcımlar gəmidəki yüksək partlayıcı yükləri alovlandırıb və qısa müddət sonra nəhəng partlayış baş verib.

Partlayış zamanı şəhərin 2,5 kvadrat kilometrdən çox hissəsi tamamilə dağılıb. Təxminən 18 metr hündürlüyündə sunami dalğası limana daxil olaraq bir neçə məhəlləni su altında qoyub. Zərbənin gücü o qədər böyük olub ki, "Imo” gəmisi sahilə atılıb.

Rəsmi məlumatlara görə, 1963 nəfər həyatını itirib, təxminən 9 min nəfər yaralanıb. 1600-dən çox bina dağılıb.

Qurbanların böyük hissəsi dənizçi deyil, şəhər sakinləri olub. O vaxt Halifaxda 80 minə yaxın insan yaşayırdı və bu faciə əhalinin təxminən 2 faizini bir neçə saniyədə məhv edib.

Hadisədən sonra liman qaydaları sərtləşdirilib və dar keçiddə eyni anda yalnız bir gəminin hərəkət etməsinə icazə verilib.

Aydın

--> -->