(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə hazırlanıb)
21-ci əsrdə elm və texnolgiyada olan yeni inqilablar həm də yeni və fərqli ixtisasların yaranmasını aktuallaşdırdı. Bu gün günbəgün inkişaf edən texnoloji cəmiyyətlərdə dövrün tələbinə uyun yaradılan iş yerləri üçün yeni ixtisasları bitirən mütəxəssislərə ehtiyac yaranır.
Bütün dünyada aktul olan bu məsələ ölkənizdə də öz aktuallığını qoruyur. Bununla bağlı tez-tez müxtəlif elmi konfransalar keçirilir, müxtəlif layihələr icra olunur, universitetlərdə yeni ixtisaslar yaradılır.
Xüsusilə qeyd olunur ki, hazırda informasiya texnologiyası yönümlü ixtisaslara tələbat artır.
Artıq bir tədris ili başa çatdı, abituriyentlər ali məktəblərə imtahan verib, bir müddət sonra ixtisas seçimi edəcəklər. Bəzi abituriyentlər və onların valideynləri bildirilər ki, dövrün tələbinə uyğun ixtisaslar seçmək istəyirlər. Lakin hələ də bu istiqamətdə bir çox ixtisasların olmaması onlarda seçim etməkdə çətinlik yaradır.
Hələ bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev də çıxışlarının birində qeyd etmişdi ki, dövrün tələbinə uyğun yeni ixtisasların yaradılmasına ehtiyac var.
Bəs, bu gün universitetlərdə hansı yeni ixtisasların yaradılmasına ehtiyac var?
Bununla bağlı Qaynarinfo-ya danışan STM əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, son bir neçə ayda keçirilən konfrans, forum, rəsmi və qeyri-rəsmi tədbirlərdə başda elm və təhsil naziri Emin Əmrullayev olmaqla digər səlahiyyətli şəxslər, təhsil xadimləri Azərbaycan universitetlərində yeni ixtisasların yaradılmasının vacibliyini vurğulayırlar:
"Lakin mən Elm və Təhsil Nazirlyindən xahiş edirəm ki, yeni ixtisaslar əlavə olmadan öncə hazırda tədris olunan İT əsaslı ixtisasların tədrisinin yetərincə olması ilə bağlı bizə məlumatlar versinlər. Həmin ixtisasların əmək bazarının tələbinə nə qədər cavab verdiyini, praktikliyini, istehsalata tətbiq göstəriciləri və s. haqqında tədqiqat aparılsın. Daha sonra yeni ixtisaslar haqqında danışa bilərik. Yeni ixtisaslar isə nanotexnologiya, robot texnologiyası, süni intellektir. Qeyri-səlis məntiq ayrıca bir fənn kimi tədris olunmalıdır. Bu gün universitetlərdə tətbiq olunan bir çox ixtisaslar sovet dövrünün ali təhsil mənzərəsinin nümənisdir. Doğrudur, tam deyə bilmərik ki, artıq hansı ixtisasın dövr bitib. Çünki bu nisbi anlayışdır, hər universitetdə isə fərqlidir. Bunun üçün siyahılandırma aparmaq lazımdır. Amma ümumi deyə bilərəm ki, sırf dövrün tələbinə cavab verə bilməyən, yalnız nəzəri aspektlərdən ibarət olan, 1960-70-80-ci illərin elmi mənzərəsini özündə daşıyan, indiki dövr üçün qeyri-işlək olan ixtisaslar universitetlərdən yığışdırılmalıdır".
Ekspertin sözlərinə görə, universitetlərdə dövrün tələbinə uyğun ixtisasların yaradılması ilə bağlı səsləndirilən təkliflər yeni və gözlənilməz fikirlər deyil:
"Dünya təhsili, dünyanın çağdaş inkişaf parametirləri, tələb-təklif prinsipləri, əmək bazarının tələbləri ilə ayaqlaşmaq üçün yeni ixtisasların ali təhsil seqmentinə gəlişi gözləniləndir. Bu hər zaman belə olub. Məsələn, Sovet dövründə bir müddət kimya və kimya əsaslı ixtisaslar universitetlərin əsas məqsədinə çevrilmişdi. Həmin dövrdə bu ixtisaslar yeni sayılırdı. Kimya mühəndisliyi, biokimya, neft və kimya proseslərinə aid digər ixtisaslar və s. Bu, həmin dövrün tələbi idi. Bu gün də biz həmin ixtisasların izlərini görürük. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində o zaman təkcə kimyaya aid 4 institut yaradıldı. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Neft və Kimya prosesləri İnstitutu, Polimer Materialları İnstitutu və Kataliz və Qeyri-üzvi Kimya İnstitutu. Bu gün həmin institutların hamısı Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyətlərini davam etdirirlər".
Həmsöhbətimiz vurğulayır ki, bu gün 21 əsrin tələbi birmənalı şəkildə informasiya texnologiyaları istiqamətidir, lakin dünyanın bir çox ölkələrindən fərqli olaraq bizdə bu istiqamətdə keyfiyyətli kadrların qıtlığı var:
"Hər il İT əsaslı ixtisasları xeyli gənclər bitirir. Ötən il də ən çox plan yerləri istər dövlət sifarişli, istərsə də ödənişli əsaslarda ən çox bu ixtisaslara ayrılmışdı. Kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, avtomatika və proqramlaşdırma kimi ixtisaslarda digərlərindən fərqli olaraq plan yerləri daha çox artırılıb. Bu isə o deməkdir ki, 4 il sonra ən çox kadr bu ixtisaslar üzrə olacaq. Amma yenə də müşahidələrimiz zamanı, mütəxəssisləri dinləyən zaman informasiya texnologiyaları istiqamətində keyfiyyətli kadırların çatışmazlığını görürük. Çünki dövrə uyğun olaraq bu ixtisaslar üzrə kadrlara tələb günbəgün artır. Artıq onlayn dünya, süni intellekt əsri bu kadrların daha çox olmasını tələb edir. Məsələn, Ukrayna, Hindistan, Rusiya, Böyük Britaniya, ABŞ, Türkiyə kimi ölkələrdə çox güclü İT mütəxəssisləri yetişdirilir. Onlar isə istənilən sahədə fəaliyyət göstərirlər. Dövrün tələbinə uyğun olaraq demək olar ki, bütün sahələrdə İT mütəxəssislərinə ehtiyac var, onlar həmin sahələrdə dominant mövqe tutmaqdadırlar. Yaxın gələcəkdə isə bu ixtiaslara tələbatlılıq dərəcəsi daha da artacaq. İstəsək də, istəməsək də, süni intellekt tələblərini, mexanizmlərini qeyri-ixtiyari şəkildə öyrənəcəyik. Necə ki, bu gün demək olar əksər insanlar sosial şəbkələrdən asanlıqla istifadə edə bilir, halbuki 20 il əvvəl bu insanlar üçün qəribə görünürdü. Bu gün 80 yaşlı ahıl şəxs də, 8 yaşlı uşaq da "Facebokk” başda olmaqla bir çox sosial şəbəkədən istifadə edir. Bəzi məsələlər var ki, bunu insana dövr, mühit, situasiya özü təlqin edir. Çox yaxın gələcəkdə də süni intellekt öz xüsusiyyətlərini hər kəsə təlqin etməyi bacaracaq. Ona görə də süni intellekt, İT əsaslı ixtisasların universitetlərdə daha çox yayılmasına, onların təkcə nəzəri, fundamental əsaslarla deyil, həm də praktiki tətbiq mexanizləri ilə təşkilinə çox böyük ehtiyac var".
"Bu gün bizim 12-13 univrsitetimizdə İT əsaslı ixtisas tətbiq olunur. Lakin onların bir çox nəzəri fundamental xarakter daşıyır və bir çoxunda bu aspektlərdən kənara çıxılmır. İT ixtisasını oxumaq istəyən və bu ixtisasa çox yüksək balla qəbul olan gənclər böyük pullar ödəyərək bahalı kurslara gedir, ixtisasını o kurslarda öyrənir. Bu isə doğru deyil. Bəli, nəzəriyyəsiz, fundamental biliklər olmadan biz heç nəyi tətbiq edə bilmərik. Amma nəzəriyyə ilə kifayətlənmək də doğru deyil", deyə Elmin Nuri əlavə edib.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər