Xəbər lenti

Soğan niyə ucuzdur və bu, nə qədər belə davam edəcək? - Ekspert
Ekonomiks 17:07 31.10.2025

Soğan niyə ucuzdur və bu, nə qədər belə davam edəcək? - Ekspert

2025-ci ildə Azərbaycanda soğan istehsalı artıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı Vahid Məhərrəmli deyib. 

Ekspert bu il soğanın ucuz olmasının səbəblərini açıqlayıb:

"Bununla bağlı məlumat vermişdik. Demişdik ki, təəssüflər olsun, soğan dəyər-dəyməzə satılacaq. İstehsalçılar məcbur olub canlarını qurtaracaqlar, çünki bir az qalsa, xarab olacaq. Ona görə ki, soğanı saxlamağa şərait yoxdur. Biz indi bunun şahidi oluruq. Yəni, sahibkarlar şikayət edir ki, onlar soğanı saxlaya bilmirlər. Soğan əldən gedir".



Vahid Məhərrəmli məhz bu səbəbdən soğanın ucuz qiymətə topdansatış bazarlarının alıcılarına təklif edildiyini vurğulayıb:

"İndi də bəzən marketlərdə soğanın 29 qəpiyə satıldığını görürük. Bu sahədə də problem var. Açıq havada pomidor istehsal edən sahibkarların ziyana məruz qaldığını gördük. İndi də gözlənilir ki, soğan istehsalçıları ziyana məruz qalacaq. Problem ondadır ki, onların soğanı saxlaya biləcək anbarları yoxdur. Bu anbarlar xüsusi temperatur tələb edir. Soğan həmin anbarlarda uzun müddətə qalmalıdır".

Vahid Məhərrəmli yanvar ayında soğanın qiymətinin qalxacağını bildirib:

"1,5-2 manat arasında satılacaq. Sağ olsun sahibkarlarımızı, istehsalı artıra bilirlər. Yeganə problem saxlanma şəraitidir. Təəssüflər olsun ki, bu problemi uzun illərdir, həll etmirlər. Bu, Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifədir. Onlar sahibkarlarla görüşməlidir ki, onlara ucuz kredit təklif etsinlər. Elə ucuz ki, həm sahibkara sərf etsin, həm də onları birləşdirib bir araya gətirsin, onlar üçün anbar inşa etdirmək təklifi versinlər. Belə olsa, sahibkarların problemi, eyni zamanda ölkədə soğanla bağlı problem də olmayacaq. Soğanın da qiyməti istehlakçılar üçün əlçatan olacaq”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->