Nazlı Ağayeva
Ölkə 13:40 25.04.2020

Söyüşə qadınlar gedir...

Nazlı Ağayeva

Rüzgarın atdığı müvəqqəti yuxarılardan bu xalqa həqarət etməyin. Başınız gicəllənəndə oralarda qolunuzdan tutan olmayacaq. Və yıxılanda yenə bəyənmədiyiniz xalqa söykənib qalxacaqsınız. Qadın olaraq özünüzə çəki-düzən verin. Heç olmasa çox ayıb olmasın. 

*

Anası dedi ki, bir ovuc sarımsaq qoysana cibinə işdən gələndə. Virusa da dərmandı deyirlər. Gənc dərhal etiraz edərək obyektdən evə nəsə aparana söyüş qoyulduğunu bildirdi. Sonrası belə davam etdi ki, gəncin bacısı, həyat yoldaşı olmadığından o söyüş birbaşa anaya çatırmış. Ana "olsun a bala, söyüş sillə deyil, güllə deyil ki, adama dəysin”, - dedi. Söhbətin üstünə çıxan ata "mənim arvadıma söyənin...” deyib, hirsindən siqareti tərsinə odlayanda gənc qayıtdı ki, bir ovuc sarımsağa görə hay-həşir salmayın. Alaram dükandan iki kilo, məsələ bitər. Bu ara ana yavaşdan "amandı, siz o kasıb qürurunuza toz qondurmayın” deyə dillənib, qeyri-ixtiyari səsini qaldırdı: Xalxın kişiləri...

Xalxın kişiləri

Xalxın kişilərində söyüşə, təhqirə, immunitet var. O immunitetin hesabına nəinki bir ovuc sarımsaq, bütöv plantasiyalar almaq olar. O immunitetin yaranması sahibinin təmkinindən asılıdır. Təmkin hər zaman insanı tələsik və yanlış qərarlar verməkdən qoruyar.

O günləri biri qayıdasan ki, ay balam, o filankəsin qeyrəti necə götürür arvadının işləklərini? O biri cavab verdi ki, əvvala qeyrət yox, təmkin, ikinci işlək yox, fəaliyyət. Yəni, adam təmkinli olduqda arvadının fəaliyyətinə ailənin ümumi maraqları çərçivəsindən yanaşır. Gender bərabərliyi deyilən şey var yəni...

*

Sovet dövründə qadın qismini müəyyən göstəricilərə görə irəli çəkirdilər. O müəyyənin içində nələr olduğunu kimsə bilmirdi. Sadəcə, bir də görürdün naxırçı filankəsin zəhmətkeş qızı və yaxud gəlini Azərbaycan Ali Sovetinin deputatı, neçəncisə qurultay nümayəndəsi və sairədir. Ardınca bahalı geyimlər, sanotoriya, avtomobil kimi xəfif dəyişiklər. Daha sonra fəal qadının evin mərtəbəsi ilə birgə nümayişkarənə qalxan səsi... O səsli hekayətlərdən biri uşaq yaddaşımda təxminən belə qalıb: 

"Sahədə var-yox söyüşü söyüb kişilərin önünüdə zoğal çubuğu oynadırmış. Bunları "duymamaq üçün” əri altına qoyulan o vaxtın bərkgedən "Jiquli”si ilə qurdalanırmış. Özünün isə xidmət maşını vardı. Gününün çoxu tədbirlərdə, qalanı rayondan gələn nümayəndələrlə sahələrdə keçirdi. Diplomuna yazılan ixtisasdan bixəbər "avam”qadın şəxsi qulluqçusunu da dövlətin hesabına saxlayırdı. Hansısa gecə ailə üzvlərini "kuratorun” təyin etdiyi uzun-uzadı hesabatlara görə bahalı hədiyyələrlə mükafatlandırarmış. Əri həmin münasibətlə özünə düşən importnu köynəyi geyinməyib bir bəhanə ilə yoxsul dost-tanışına bağışlayırmış”. 

O tip ailələr bir qayda olaraq uşaqlarını ən nüfuzlu ali məktəblərə düzəldərdilər. Arzuları böyüməyib özləri yaşlanan yaşıdlarının "flan yerin prokuroru və yaxud flan xəstəxananın müdiri ilə parta yoldaşı olmuşam” dedikləri "böyük adamlar” o uşaqlardan əmələ gəlib. Sovetin sümükləri də çürüyüb. İndidən danışsaq nə fərq edəcək ki? Sadəcə yaddaş deyil, çağdaş olacaq...

*

Məsələn, təsviri incəsənət müəllməsini VVAQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı) şöbəsinə müdir qoyurlar. Adın açmasından görünür ki, idarə yalnız evlənmək yeri deyil, olduqca ciddi və məsuliyyətli qurumdur. Olumdan ölümədək vətəndaşa aid nə sənəd varsa, hamısı ordadır. Və o sənədlərin hamısından ötrü hər vətəndaş ən azı bir dəfə o qapıya müraciət etməlidir. Normal ölkələrdə belə vəzifələri peşəkar kadrlar icra edirlər. Göründüyü kimi, bilik və təcrübə tələb edən mürəkkəb yerdir. Bizdə də belə işlərə milli peşəkarlıqla yanaşırlar. Arayışların ikiyə bölünmüş bir qiyməti var. Dövlət rüsumu və müdir haqqı. Və nə hikmətdirsə həmişə dövlətin haqqı müdirinkindən dəfələrlə az olur. 

Demək ki, bu idarə əslində təsviri incəsənət müəlliməsinin gözünə evlənənlər qatılmış arayış idarəsidir. Deyəcəksiniz ora guya hüquqşünas qoyulsaydı, hər şey başqa cür olacaqdı? Hər şey xeyr, əlbəttə. Sadəcə arayışlar düzgün tərtib ediləcəkdi. İndi ortaya sual çıxır, təsviri incəsənət müəlliməsini ora kim və niyə qoydu? Adamın bu işdən ibtidai bir anlayışı vardı? Yox! İxtisası uyğun gəlirdi? Burda "yox” deyə bilməyəcəm. Çünki araşdırsan, diplom məsələsi həll olunub. Sadəcə ortaya axmaq bir sual çıxa bilər ki, əyər bu rəsmxət müəlliməsinin hüquqşünas diplomu vardısa niyə təsviri incəsənətçi işləyirdi? Və yaxud müdir olandan sonra hüquqşünas diplomu almaq hansı məntiqə aiddir? Ümumiyyətlə, möhür vuracağı sənədin mətnindən bixəbər adamın o postda nə işi vardı? Maddi ehtiyac desən, deyil. Mənəvi desən, deyil. Dövləti zərurət, vətənə xidmət heç deyil. Çünki, ölkədə nə qədər əyani təhsil almış yüksək ixtisaslı gənc həmin profil üzrə ən xırda iş tapa bilməyib harda gəldi günəmuzd çalışır.

Mahiyyətcə eyni, hər iki halda günah deyilmi? Sovetin kommunist kolxoz sədirəsi sahədə insanların gözünün odunu alırdı. İndinin müdirəsi özünə çatası məbləğin bütövünü düzəldib verə bilməyən əlacsız vətəndaşa yumşaq kürsüdən ültumatum verir: "Nə zaman haqq-hesab, o zaman sənəd! Yox, şikayətin varsa, buyuracaqsan”. Komfort kabinetdən kənara səs çıxmır. Adam arxayın və soyuqqanlıdır. "Ov” hara getsə hazır vəziyyətdə qayıdıb üstünə gələcək. Çünki adam bu kürsüyə lapdan düşməyib. Yerin sahibi var, sahibin maraqları var, maraqların kəsişmə nöqtəsi və sairə incəliklər var...

Üstəlik firavan, aşıb-daşan həyat tərzi, gələcəyi bolluca təmin olunmuş uşaqlar, təmkinli, qayğıkeş həyat yoldaşı, daimi asılılıq məcburiyyətindəki yaxın-uzaq ətrafın "heyranlığı” başqa bir zövq, ayrıca ləzzətdir.

Hələ bir loxma çörəyə əlləşib-vuruşan boynubükük zümrənin sehirli qapılarda yaratdığı növbələri demirik...