Sağlamlıq 22:00 22.04.2023

Tam robot transplantasiya əməliyyatı həyata keçirildi - Dünyada ilk

İspaniyalı həkimlər dünyada ilk dəfə tam robotlaşdırılmış ağciyər transplantasiyasını uğurla həyata keçiriblər.

Qaynarinfo "The Next Web”ə istinadən xəbər verir ki, cərrahlar əməliyyatı həyata keçirmək üçün "Da Vinçi” adlı dörd "qolu” olan robotdan istifadə ediblər. Xəstə 65 yaşlı kişi olub. Ona həyati təhlükəsi olan ağciyər xəstəliyi - ağciyər fibrozu diaqnozu qoyulub.

Əməliyyatdan əvvəl cərrahlar donor ağciyərinin ölçüsünü azaltmaq üçün havanı çıxarıblar. Nəticədə ağciyər 8 sm enində kəsiklə döş qəfəsinə yerləşdirilib.

Qabırğaların yaxınlığında robotun və 3D kameraların "qollarını" yerləşdirmək üçün kiçik kəsiklər edilib ki, bunun sayəsində cərrahlar içəridəki boşluğu görə biliblər.

Həkimlər yeni texnologiyanın daha az ağrılı olduğunu və yaranın asanlıqla bağlandığı üçün əməliyyatdan sonra yoluxma riskini azaltdığını qeyd ediblər.

Val d'Hebron Xəstəxanasının döş qəfəsi cərrahiyyəsi və ağciyər transplantasiyası şöbəsinin müdiri, doktor Albert Jauregui "Bu texnika xəstələrin həyat keyfiyyətini yaxşılaşdıracaq, əməliyyatdan sonrakı dövrü qısaldacaq və ağrıları azaldacaq", deyib.

Məlumata görə, xəstənin kəsik yeri o qədər kiçik olub ki, o, əməliyyatdan sonra yalnız parasetamol qəbul edib. Ənənəvi ağciyər transplantasiyası isə daha güclü ağrıkəsicilərlə əməliyyatdan sonrakı reabilitasiya tələb edir.

"Özümə gələn və ümumi anesteziyadan oyandığım andan ağrı hiss etmədim", deyə xəstə bildirib.

Doktor Jaureqinin qeyd etdiyi kimi, ağciyər transplantasiyası əməliyyatını gözləyən digər xəstələrə yeni texnika təklif olunacaq.

Qeyd edək ki, "Da Vinçi" 2000-ci ildə hazırlanıb və yüz minlərlə xəstəni müalicə etmək üçün istifadə olunur. Sistem əməliyyatı özü yerinə yetirmir, real vaxt rejimində cərrahın əllərinin hərəkətlərini təkrarlayır.

Robot yalnız bir dəfə, Los-Anceles xəstəxanasında ağciyər transplantasiyası üçün istifadə edilib. Lakin sonra "Da Vinçi” əməliyyatı yalnız qismən həyata keçirib və ağciyər ənənəvi üsulla döş qəfəsinə daxil edilib.

Aydın