Ümumi anesteziyanın insanı necə şüursuz vəziyyətə gətirdiyi elm üçün hələ də tam həll olunmamış suallardan biridir. Lakin yeni araşdırmalar göstərir ki, anesteziya dərmanlarının beyində yaratdığı dəyişikliklər alimlərə şüurun necə formalaşdığını anlamaqda mühüm ipucları verə bilər.
Qaynarinfo xəbər verir ki, bu gün hər il 350 milyondan çox cərrahi əməliyyat ümumi anesteziya altında həyata keçirilir. Propofol kimi dərmanlar xəstəni şüursuz vəziyyətə gətirir, lakin bunun beyində dəqiq hansı mexanizmlə baş verdiyi hələ tam aydın deyil. Beyin görüntüləmələri göstərir ki, ümumi anesteziya zamanı beynin fəaliyyətində genişmiqyaslı azalma baş verir və sinir hüceyrələri arasındakı əlaqələr zəifləyir.
Alimlərin diqqət yetirdiyi əsas bölgələrdən biri beynin dərinliklərində yerləşən talamusdur. Bu struktur müxtəlif beyin bölgələri arasında mühüm əlaqələndirici mərkəzlərdən biri hesab olunur və yuxu ilə oyanıqlığın tənzimlənməsində rol oynayır.
London İmperial Kollecinin professoru Nik Franksın sözlərinə görə, beyin skanları bəzi bölgələrin anesteziyanın təsirinə digərlərindən daha həssas olduğunu göstərir. Talamusun da bu prosesin başlanmasında mühüm rol oynaya biləcəyi ehtimal edilir. Heyvanlar üzərində aparılan təcrübələrdə talamusun müəyyən hissəsinin stimullaşdırılması ilə anesteziya vəziyyətindən oyanmanın mümkün olduğu müşahidə edilib.
Şüurun “üçüncü vəziyyəti” ola bilər
Araşdırmalar həmçinin şüurun yalnız iki vəziyyətdən – oyanıqlıq və şüursuzluqdan – ibarət olmaya biləcəyinə dair suallar doğurur.
Əməliyyat zamanı təsadüfən baş verən şüurluluq nadir hadisədir. Təxminən hər 15 min xəstədən birinin əməliyyatdan sonra prosedurun müəyyən hissələrini xatırlaya bildiyi bildirilir.
Oksford Universitet Xəstəxanalarının anestezioloqu Ceydip Pandit bu insanların yuxu ilə oyanıqlıq arasında bir növ “üçüncü şüur vəziyyəti” yaşaya biləcəyini düşünür.
Panditin apardığı təcrübələrdə anesteziya və əzələ boşaldıcı dərman verilmiş xəstələrin bir qismi zahirən oyaq olmadıqları halda, verilən göstərişə uyğun olaraq əllərini sıxa bilib. Tədqiqatçı bunu şüurun aralıq vəziyyətinin mövcud ola biləcəyinə dair mümkün göstərici kimi qiymətləndirir.
Anesteziya insan beyninin fərdiliyini də dəyişir
Kembric Universitetinin nevroloqu Andrea Luppi və həmkarları isə funksional MRT vasitəsilə anesteziya altındakı insanların beyinlərini araşdırıblar.
Normal vəziyyətdə hər bir insanın beynindəki əlaqələrin müəyyən qədər özünəməxsus olduğu və bunun bir növ “neyroloji barmaq izi” yaratdığı düşünülür. Lakin anesteziya zamanı insanların beyin fəaliyyəti bir-birinə daha çox bənzəməyə başlayıb.
Tədqiqatçılar həmçinin anesteziya altında insan beyninin digər primatların beynindən daha az fərqləndiyini müşahidə ediblər. Bu nəticə beynin insan təkamülü baxımından daha yeni formalaşmış hissələrinin anesteziyadan daha çox təsirlənə biləcəyi ehtimalını gündəmə gətirir.
Luppinin fikrincə, anesteziyanın əsas təsirlərindən biri beynin müxtəlif bölgələrinin bir-biri ilə əlaqəsini zəiflətməkdir. Oyanıq vəziyyətdə beynin bir-birindən uzaq bölgələri koordinasiyalı şəkildə fəaliyyət göstərə bilir. Anesteziya zamanı isə bu geniş əlaqələr əhəmiyyətli dərəcədə azalır.
Bu yanaşma şüurun konkret olaraq beynin yalnız bir hissəsində yerləşmədiyi, əksinə, müxtəlif beyin bölgələri arasındakı koordinasiyadan yarandığı fikrini dəstəkləyən dəlillərdən biri kimi qiymətləndirilir.
Alimlər hesab edirlər ki, ümumi anesteziyanın təsir mexanizmini araşdırmaq təkcə tibbi baxımdan deyil, insan şüurunun mahiyyətini anlamaq baxımından da əhəmiyyətlidir. Buna baxmayaraq, şüurun beyində necə yarandığı hələ də elmin ən böyük açıq suallarından biri olaraq qalır.
Şəbnəm İbrahimxəlilova
Şərhlər