"Bu görüş tam formatlı dövlətlərarası dialoq kimi xarakterizə edilir. Həm də artıq bir addım irəliyə getmək deməkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən deyib.
"Əvvəllər fərqli platformalarda ayrı-ayrılıqda liderlər, xarici işlər nazirləri, baş nazirin müavinləri arasında danışıqlar olub. İndi isə hamı bir yerdə dövlətlərarası dialoq şəklində danışıqlar aparıblar", deyə Fərhad Məmmədov bildirib.
Ekspertə görə, burada ikinci vacib məqam tərəflərin danışıqları konstruktiv adlandırmasıdır:
"Ancaq mövqeləri səsləndirməklə kifayətlənməyib, onların müzakirəsi və ortaq məxrəcin tapılması ilə bağlı da fikirlər bildirildi. Bu da öz növbəsində kifayət qədər maraqlı məsələdir. Proses göstərir ki, hər iki tərəf nəticəyə köklənib və bu istiqamətində hətta müəyyən yol xəritəsi də formalaşdırıla bilər".
Sülh sazişilə bağlı paraflanmaya gəldikdə, Fərhad Məmmədov qeyd edib ki, paraflanmadan sonra, bir müddət əvvəl razılaşdırılmış mətnə, hər hansısa tərəf dəyişiklik edə bilməz:
"Yəni bu artıq fakt kimi qəbul ediləcək. Böyük ehtimalla fərqli istiqamətlərdə addımlardan ibarət yol xəritəsilə bağlı da fikir mübadiləsi aparılıb. Çünki bütün məsələlər bir-birinə bağlıdır".
Siyasi şərhçi bildirib ki, nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı fikir mübadiləsinin aparılması isə yenilikdir:
"Bu da o deməkdir ki, artıq nəqliyyat kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması ilə bağlı ikitərəfli format formalaşmaqdadır. Əvvəllər isə Azərbaycanla Ermənistan arasında bu məsələ müzakirə belə edilmirdi. Çünki Rusiyanın da iştirakçı olduğu üçtərəfli format var idi. Hazırda isə görürük ki, artıq bu məsələ də müzakirə predmetinə çevrilir".
Qeyd edək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı mətbuat məlumatında qeyd olunur ki, görüşdə dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.
Rüfət Sultan
Şərhlər