Yapon folklorunda bədbəxtliyin xəbərçisi hesab edilən üç metr uzunluğunda qılınc formalı balıq Tasmaniya sahilinə çıxıb və yerli sakinlərdə təəccüb yaradıb.
Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, Pinqvin şəhərindən olan sakin Toni Çizman itlərini Prezevreyşn-Bey sahilində gəzdirərkən parlaq canlı görüb, ətrafında isə dəniz quşları dolanırmış.
"Yaxınlaşanda parlaq rəngləri və çənə ilə başında uzun "qanad"ları olan nəhəng balığı gördüm. Belə bir şeyi əvvəllər heç vaxt görməmişdim", deyə o bildirib.
Makqori Universitetindən professor Kulum Braun izah edir ki, tapılan balıq çox güman nəhəng qılınc burunlu balıqdır. Pinqvində tapılan nümunə yəqin ki, ən böyük və ən məşhur nümunədir: "Onlar çox qeyri-adi görünür: uzun, lent kimi, davamlı dorsal qanadı var".
Bu nəhəng balıq, yapon folklorunda bədbəxtliyin xəbərçisi hesab edilir, adətən dərin sularda yaşayır və yalnız xəstə və ya ölü olduqda görünür. Alimlərin sözlərinə görə, "qılınc burunlular” 8–9 metrə qədər böyüyə bilər, lakin 200–1500 metr dərinlikdə yaşayırlar. Səthdə onları yalnız çox pis vəziyyətdə olduqda görmək mümkündür.
Yapon mifologiyasında bu balığa ryūgū-no-tsukai - "dəniz tanrısının elçisi” deyilir. Onun görünməsi bədbəxtliyi, xüsusən də zəlzələ və ya sunami kimi təbii fəlakətləri öncədən xəbər verir. Lakin tədqiqatlar göstərir ki, bu möcüzəli canlıların görünməsi ilə fəlakətlər arasında heç bir əlaqə yoxdur. "Onlar bəzən səbəbsizcə səthə çıxırlar", deyə Braun əlavə edir.
Tarixçilər də bu balıqları dəniz ilanları ilə bağlı əfsanələrlə əlaqələndirirlər: XVIII–XIX əsrlərdə dənizçilər onları yalnız xəstə balıqlar səthə çıxanda görürdülər. 1878-ci ildə Avstraliya qəzetində Pinqvin sahilində tapılmış "dəniz ilanı” barədə məlumat verilmişdi və o, qılınc balığa çox bənzədilmişdi..
Bu son dərəcə nadir, parlaq və heyrətamiz canlılar demək olar ki, mifoloji statusa malikdir — tədqiqatçılar onların nəhəng kalmarlar kimi olduğunu qeyd edirlər.
Aydın
Şərhlər