Siyasət 14:07 13.03.2023

Tehranın təyyarə təxribatı: İran hansı mesajı verir? (ŞƏRH)

"Tehran belə təxribatlara əl atmaqla Azərbaycanı çəkindirməyə, qorxutmağa, geosiyasi hədəflərindən yayındırmağa çalışır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İran hərbi təyyarəsinin Azərbaycan sərhədi boyunca uçuş həyata keçirərək, təxribat törətməsinə münasibət bildirərkən deyib.

"İranın belə təxribatlarla Azərbaycanı təhdid etməsi nə birinci deyil, nə də sununcu olmayacaq. İran regionda Azərbaycanın yaratdığı yeni reallığı həzm edə bilmir. Çünki ölkəmizin yaratdığı yeni reallıqlar geosiyasi anlamda İranın qəbul etmədiyi bəzi dəyişiklikləri hədəfləyir. Tehran bununla da bölgədə geosiyasi vəziyyətin dəyişməsinə qarşı olduğunu ortaya qoyur. Yeni reallıqlar fonunda bölgədə Azərbaycanın nüfuzu artır və ölkəmiz Cənubi Azərbaycan üçün motivasiyaedici subyektə çevrilir”, deyə Üzeyir Şəfiyev bildirib.

Digər tərəfdən, ekspert düşünür ki, İranın bu kimi addımları daxili auditoriyaya hesabanıb:
 


"Bununla Tehran xarici hədəflərə qarşı mübarizə adı ilə daxildəki ziddiyyətləri zəiflətməyi düşünür. İsrail və ABŞ tərəfindən İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün hücum planı düşünülür. Onlar bildirirlər ki, İranın nüvə silahına malik olmaması üçün gərəkən bütün addımları atacaqlar. Bu mənada İran ehtiyat edir ki, İsrail və ABŞ Tehrana nəzarət mexanizmi kimi daha çox Azərbaycan ərazisindən istifadə edə bilər. Halbuki, Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir üçüncü dövlətin digər dövlətlərə qarşı mübarizə meydanına çevrilməyəcək”. 

Həmsöhbətimiz Tehranı belə təxribatlara son verməyə səsləyib:

"Həmişə olduğu kimi, Azərbaycan-Türkiyə tandemi İranın bu sayaq təxribatlarının qarşısını da alacaq. Bu tandemə həmçinin Azərbaycan-İsrail, Azərbaycan-ABŞ əməkdaşlığını da əlavə etməliyik. Onlar da bildiriblər ki, cənubdan təhdid olarsa, Azərbaycanın yanında yer alacaqlar”. 

Qeyd edək ki, martın 11-i, saat 09:44-dən 10:26-dək İranın hərbi təyyarələri fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Bu insidentlə bağlı Azərbaycan İrana nota verib. 

Rüfət Sultan