Ölüm haqqdı, çıxmaq olmaz əmrdən,
İpək tora halqa salma dəmirdən.
Aydı, gündü, gəlib keçir ömürdən,
Tələsirdik, görək yaza nе qаldi?
(Aşıq Alı)
Rəhmətlik Aşıq Alı sağ olsaydı, "Qarabağ” – "Nyukasl” qarşılaşmasına baxıb, bu misralarda kiçik bir dəyişiklik edərdi. Deyərdi ki, "məğlubiyyət haqqdı, çıxmaq olmaz əmrdən”. Dünən axşam Respublika stadionunun yolunu tutan və ekran başında əyləşən futbolsevərlər "Qarabağ”a böyük ümidlər bəsləyirdi. Düşünürdük ki, "Braqa”nı, "Benfika”nı, "Ayntraxt”ı saldığımız vəziyyətə "Nyukasl”ı da sala biləcəyik. Amma olmadı.
Futbolda "paltardəyişmə otağında qol buraxmaq” deyimi var. Fasilə ərəfəsində futbolçular boşalır, bir an öncə hakimin fasiləni bildirən fitinin səslənməsini arzulayırlar. Kimisi dincəlməyə tələsir, kimisi su içməyə və təbii ehtiyaclarını ödəməyə. Belə bir məqamda oyundan qopmayan rəqib fürsətdən istifadə edir, hissəyə əlavə olunmuş vaxtda qol vurur. Bu ssenari bir qədər başqa formada "Qarabağ”ın başına "Nyukasl”la oyunda gəldi. "Qarabağ”ın futbolçuların isinməyə macal tapmamış ingilislər hesabı açdılar. Oyuna bu şəkildə 0:1 hesabıyla geridən başlamağı qəbul edib, nəyi necə etmək lazım olduğunu düşünərkən Koxalskinin qoruduğu qapıya ikinci top vuruldu. Bundan sonra nəyisə dəyişmək çox çətin idi.
İngilislər Bakıda özlərini çox rahat hiss edirdilər. Söhbət təkcə Bakıdakı ucuz pivədən içib, "Fəvvarələr meydanı”nda günəşlənən fanatlardan getmir. Elə meydandakı futbolçular da azarkeşlər qədər rahat idilər. O dərəcədə rahat idilər ki, bizim qapımıza "Azərbaycansayağı künc zərbəsi”ndən qol vurmaq istəyirdilər. Düzdür, o epizodda qapımıza qol vurulmadı, amma ikinci top məhz həmin künc zərbəsindən sonra tora qovuşdu. Müdafiəçilər təhlükəni sovuşdurmağı bacarmadılar. Bəli, norveçli hakim Espen Eskaas heç nədən "Qarabağ”ın qapısına penalti təyin etdi. Mateus Silva üzü qapı istiqamətində yerə yıxılarkən əliylə topa toxundu. Onun topu görmək və qəsdən əllə oynamaq imkanı yox idi. Müstəqil ekspertlər, sabiq hakimlər də Eskaasın qərarının yanlış olduğunu vurğulayırlar.
Penalti qolunun bizi məğlubiyyətə məhkum etdiyini demirəm. Lakin fakt odu ki, bu haqsız penaltiyə qədər oyunu nisbətən bərabərləşdirməyi bacarmışdıq. 45 dəqiqəyə iki penalti sığdırmağımız heç yerinə düşmədi, onsuz da ağır olan vəziyyətimiz daha da ağırlaşdı. İkinci hissədə tərəflərin hərəyə bir dəfə fərqlənməsi təkcə "Nyukasl”ın sakitləşməsi ilə bağlı deyildi. Həm də "Qarabağ” Qurban Qurbanovun əvəzetmələri və taktiki dəyişikliklər sayəsində özünə bənzəməyə başlamışdı. Amma gec idi. Fasilədən sonra yeganə təsəllimiz Elvinin qolu, bir də rəqibin hücumlarının qarşısını ala bilməyimiz oldu.
Həmin axşam meydandakı "Qarabağ”lılardan təkcə qapıçı Koxalski məğlubiyyətlə barışmır, təmsilçimizin daha böyük hesabla uduzmaması üçün əlindən-ayağından gələn hər şeyi edirdi. Təsadüfi deyil ki, çoxları hesabın az qala 0:10 ola biləcəyindən danışır, bunun qarşısının polşalı qapıçı tərəfindən alındığını deyir. Digərlərinin tam gücüylə oynadığını görə bilmədik. Bəlkə də, bunun səbəbi Qubada "İmişli” ilə keçirilən oyundakı hədsiz güc itkisi oldu. Bir halda ki, Qurbanov Qubadakı açıqlamasında "Nyukasl”la oyuna tam hazır ola bilməyəcəyik” demişdi, onda həmin təsirin özünü "Tofiq Bəhramov”da göstərdiyinə şübhə etməyə dəyməz.
Olan oldu, keçən keçdi. İndi çox da məyus olub, günahkar axtarışına çıxmağa o qədər də ehtiyac yoxdur. Onu qəbul etməliyik ki, "Qarabağ” real gücündən də xeyli irəli gedib, "nəhənglər”in arasına çıxmışdı. "Nyukasl” da ona çox ciddi yanaşdı, qısa müddətdə sərfəli nəticə qazanmaq üçün potensialını tam olaraq meydanda sərgilədi. Biz bir vaxlar qurduğumuz böyük xəyallara çatmışıq. Avrokuboklarda yaz arzulayırdıq, "Qarabağ” həm Avropa Liqasında, həm də Çempionlar Liqasında bunu bacardı. Yeni hədəflər barədə düşünməyə, "Qarabağ”dan daha artığını istəməyə çox da tələsməyək.
Amal Abuşov
Şərhlər