İlk dəfədir, Yeni il barədə yazmaq istədim. Həyatımızda illər, rəqəmlər dəyişir, amma ruh hər deyəndə dəyişmir. İlk dəfədir, ruhun dəyişmək istədiyini hiss etdim. Etiraf edim ki, hər hansı dəyişikliyə inanmamağımın səbəblərindən biri də keçmişlə, yaşadığımız tarixlə bağlıdır...
...Bir universitet rektoru var idi, adını çəkmirəm, bəlkə, ilini desəm, yadınıza düşəcək - 1989-cu il olardı, vəzifəyə gələn kimi dedi ki, bu yaz bir başqa yazdır. Yəni, ali məktəbin fakültələrində "taksa" (bizim dillə "taskı") olmayacaq, professorlar öz qohum-əqrəbalarını fakültələrə dürtüşdürmək üçün xahiş-minnətə gəlməyəcəklər. Bir sözlə, kimin kəlləsi var, buyursun. Mən də sovet ordusundan qayıdıb yeni həyata başlayırdım. Söz vermişdim ki, "öz başımla" universitetə girəcəyəm. Əsgərlikdən qabaq kitabını oxuyub əvvəl bərk kövrəldiyim, sonra həyat uğrunda mübarizəsindən motivasiya aldığım bir professorla imtahanda üz-üzə gəldim. İmtahanları keçdim, amma bir bal çatışmazlığına görə hazırlıq qrupuna qəbul etmək istədilər. Və bunu mənə həmin professor elan etdi (Etik çərçivələrdən çıxmayım deyə, səbəb və nəticələri yazmıram). İlk dəfə onda özümdən böyük bir adamın "üzünə qayıtdım". Daha doğrusu, onun əsərlərini oxuduğuma görə təəssüf etdiyimi və yerinə utandığımı dedim. Elə o vaxtlardan da müasir tariximizin qaranlıq günləri başladı. SSRİ dağıldı. Valideynlərimizin qurduğu ölkə başımıza uçdu, hamımız uçqunların altında qaldıq, onsuz da itirə-itirə gedirdik və tarix yenidən, illərin o üzündən boylanmağa başladı. Müharibə (bütün mənalarda) həyatımın dörd tərəfindən dəlib keçdi.
Nədənsə qəfil mənə elə gəldi ki, həqiqətən də, bu il bir başqa ildir. 2023-ü deyirəm. Yaxşı gözlə baxsan, doğurdan da, möhtəşəm hadisələr baş verir. Bu arada dəyərli tarixçimiz Solmaz xanım Tohidinin bir fikri neçə aydır özümdə gəzdirdiyim eyni məntiqi sadə şəkildə ifadə etdi: "300 illik mübarizənin sonunda biz qalib gəldik".
Qəribədir, dərhal yadıma Qarabağ məlikləri barədə oxuduğum bir fraqment düşdü. Daha doğrusu, Daşaltıda bu məliklərdən (xristian, türk-qıpçaq ərmənlərdən) birinin İbrahimxəlil xan tərəfindən darmadağın olunduğu hekayəni xatırladım.Yadıma düşdü ki, 1-ci Qarabağ müharibəsində ilk məğlubiyyətlərimizdən biri də Daşaltı əməliyyatında baş vermişdi və bu məğlubiyyəti təmin etmək üçün qurulmuş tələnin simvolik mesajı da yəqin təsadüfi deyilmiş. Axı zaman dəyişsə də, tarix hər tərəfdən boylanıb özünü göstərir, onun izləri getdiyimiz cığırlarda qarşımıza çıxır və az qala tarixi nəzərə almadan yaşamaq olmur.
Məncə, bu ilin ən böyük tarixi və ruhun təzələnməsinə təkan verən ən hərəkətverici güc Xankəndinin əsl sahibinə qayıtması oldu.
Hazırda "Men are like that" ("Kişilər belədir”-təxmini tərcüməsi) adlı bir kitab oxuyuram. Kitab 1918-22-ci illərdə Şuşa ətrafında yaşamış, orada gimnaziyada oxumuş Ohanus Apresiyanın dilindən nəql edilən və Qarabağa göndərilmiş amerikalı aqronom Leonard Ramsed Hartil tərəfindən yazılan bədii-sənədli romandır. O vaxt Xankəndində, Şuşada, Qərbi Azərbaycanda törədilən hadisələrin iştirakçısı olan daşnakların, kazakların fəaliyyətinə elə maraqlı bir baxış bucağından işıq salır ki, kitabın, sözün, ədəbiyyatın, mətnin arxasındakı şifrəli informasiyaların gücünə heyrət etməyə bilmirsən. Qısası, Ohanus öz icmasının cinayətlərini etiraf edir, Qarabağın tatarlara (türklərə) məxsus olduğunu dəfələrlə vurğulayır və təsvir etdiyi ab-hava o vaxtkı Qarabağın atmosferini, erməni icmasının fəaliyyətini elə yerbəyer göstərir ki, danışmağa söz qalmır. Bu kitabı oxuyarkən Xankəndini tərk edən erməni sakinlərin etirafları yadıma düşdü. Tarixin sonu etirafdır!
İndi mən özümdən daha çox, bu dünyanı tərk etmiş valideynlərimə, xüsusilə nənəmə görə sevinirəm. Düşünürəm ki, ruhumun təzələnmək istəməsinin onlarla birbaşa, mistik, tarixi əlaqəsi var. Nənəmə görə daha çox sevinirəm. Yaman qorxurdu erməni hiyləsindən: ağlım kəsəni deyirdi ki, o hiylə bir də dönəcək. Döndü də.
İndi mənə elə gəldi ki, biz o hiylənin, infeksiyann, təhdidin kökünü kəsdik, deyəsən.Lakin bütün bunları düşünərkən, 1989-cu ildə "bu yaz bir başqa yazdır" deyən rektoru da xatırladım. O heç vaxt, öz şüurlu ömründə o yazın başqa bir yaz olmadığını demədi. Böyüklərin uydurduğu belə yalanların kiçikləri hansı fəlakətlərlə üz-üzə qoyduğunu etiraf etmək bizimkilərə xas deyil. Heç kitabları ilə xisləti bir-birinə bənzəməyən professordan da etiraf eşitmədim.
Lakin tarix ondan dərs çıxarmağı və etirafları sevir. Etiraf edib işə başlamasaq, bizdən bir şey çıxmayacaq və ruhumuz da təzələnə bilməyəcək. Məsələn, gəlin etiraf edək ki, kitab oxuyan xalqlar arasında çox geridə qalmışıq. Elə bundan başlayaq. Deyək ki, hər şeyə pul xərcləyirik, kitaba gələndə bizi yuxu tutur. Hər mənada.
Bütün oxucularımı, o cümlədən "Qaynarinfo"nun dəyərli auditoriyasını qarşıdan gələn 2024-cü il münasibətilə təbrik edirəm. Hə, bir də istəyirəm ki, bu il Azərbaycanda roman ili, ədəbiyyat ili, milli ədəbiyyatın və dəyişmək istəyən ruhların zəfər ili, intibah ili olsun. Millətimiz yerli müəlliflərin kitablarını almaq istəsin və bədii ədəbiyyat oxuyan millətlər sırasında irəliləyə bilsin. Axı mətndə, kitabda, ədəbiyyatda olan etiraf heç yerdə olmur. Bəlkə daha çox bədii kitab oxusaq, etiraflarımız da çox olar?
Məqsəd Nur
Şərhlər