Xəbər lenti

Tiflis görüşü də iflasa uğradı? - Politoloqun şərhi
Siyasət 13:48 18.07.2022

Tiflis görüşü də iflasa uğradı? - Politoloqun şərhi

Xəbər verdiyimiz kimi, iyulun 16-da Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan və Ermənsitan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb. Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar. 

Görüşdən sonra onun nətəcələri barədə danışan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili "Pirveli arxi” kanalına açıqlamasında deyib ki, Ceyhun Bayramov və Ararat Mirzoyanın danışıqları konkret nəticə vermədi, ancaq iki ölkənin XİN rəhbərlərinin birbaşa dialoqu üçün presedent yaratdı. Onun sözlərinə görə, nazirlər onları narahat edən məsələlərlə bağlı gündəmi müzakirə ediblər. Darçiaşvili vurğulayıb ki, bu formatda danışıqların davam etdirilməsinin əsası qoyulub: "Biz gələcək görüşlərin vaxtı barədə danışmadıq. Əgər istənilən formatda danışıqlar üçün Gürcüstana gəlmək zərurəti yaranarsa, biz qəbul etməyə və dəstəkləməyə hazırıq”.

Görüş Vaşinqtonda da diqqətlə izlənilib. Bunu ən azından ABŞ dövlət katibi Entoni Blinkenin "Twitter” hesabında yazdığından da açıq şəkildə sezmək olar. O bildirib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Tiflisdə görüşərək müsbət addım atdılar: "Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”. 

Görüşü Qaynarinfo-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, Tiflisdəki görüşdə Ermənistana xəbərdarlıq edilib: 

"Hər şey göz qabağındadır. Orada Azərbaycan tərəfindən səslənən mövqe bütünlüklə Prezident İlham Əliyevin çıxışında öz əksini tapıb. Hətta məqsəd barədə açıq şəkildə deyilib ki, Tiflis görüşündən sonra Bakı və İrəvandan cavab gözləyir. Azərbayanın tələb və mövqeyi odur ki, İrəvan 10 noyabr bəyannaməsi çərçivəsində qeyd olunan öhdəlikləri yerinə yetirsin. Bir müddətə qədər Bakı bu istiqamətdə vasitəçilərə müraciət edirdi. Amma Lavrovun bölgəyə səfərindən sonra bəlli oldu ki, bu yöndə nəsə gözləməyinə dəyməz. Rusiya ya bu məsələdə hansısa dəyişikliyə imkan yaradılmasını istəmir, ya da Ukraynada öz işilə məşğuldur. Bir sözlə, Tiflis görüşü ilə Bakı verilən suallara qarşı tərəfdən cavab gözlədiyini bəyan edib”. 

Həmsöhbətimiz mövcud şəraitdə İrəvanla danışıqlar aparmağın mənasız olduğunu bildirir: 

"Növbəti belə görüşün olub-olmaması, hər şey ermənilərin verəcəyi cavabdan asılıdır. Onlar açıq bəyan edirlər ki, köhnə oyunlarını davam etdirəcəklər. Açıq-aşkar ərazilərimizə hərbçilərini göndərirlər. Belə şəraitdə danışıqlar aparmaq mənasızdır. Ona görə hesab edirəm ki, Tiflisdə İrəvana xəbərdarlıq edilib”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->