Kino və televiziya dünyasının uğurlu simalarından olan Tom Hardinin şəxsi kolleksiyasındakı dəbdəbəli saatlar diqqət mərkəzindədir. Çoxsaylı yüksək büdcəli ekran əsərləri ilə yanaşı, tənqidçilərdən yüksək qiymət alan kino və televiziya layihələrində rol alan britaniyalı aktyor Tom Hardi dövrümüzün tanınmış aktyorları sırasında yer alır.
Qaynarinfo xəbər verir ki, "Batman" seriyasında Beyn, "Mad Max", Marvel komikslərinin ekranlaşdırılması olan "Venom" və "The Revenant" ("Diriliş") filmində Con Fitscerald kimi obrazları canlandıran Hardi sonuncu rolu ilə Ən yaxşı ikinci plan aktyoru nominasiyasında "Oskar" mükafatına namizəd göstərilib.
Sektor mənbələrinə əsaslanan maliyyə məlumatlarına görə, Hardinin 2026-cı il etibarilə xalis sərvətinin 40 milyon ABŞ dolları civarında olduğu təxmin edilir. "MobLand" serialının ikinci mövsümündən sonra bu rəqəmin artacağı gözlənilir.
Hardinin şəxsi kolleksiyasında yer alan diqqətçəkən dəbdəbəli saat modellərindən bəziləri bunlardır:
OMEGA SEAMASTER 300M "007 EDITION"
Karyerası ərzində Ceyms Bond obrazını canlandıra biləcək namizədlər arasında göstərilən Hardi "MobLand" serialının ikinci mövsümünün qala gecəsində "Omega Seamaster 300M ‘007 Edition’" modeli ilə görüntülənib. Sözügedən modeldən 2021-ci ildə ekranlara çıxan "No Time to Die" filmində Daniel Kreyq də istifadə edib.

NATO qayışlı, qara və qızılı tonlardakı bu model 42 millimetrlik 2-ci dərəcəli titan korpusa malikdir. 300 metrədək suya davamlı olan dalğıc saatı 35 daşlı və 55 saatlıq enerji ehtiyatı təqdim edən avtomatik "Omega Co-Axial Master Chronometer" mexanizmi (Kalibr 8806) ilə işləyir.
BREMONT SUPERMARINE S200
Tom Hardi 2021-ci ildə çəkilən "Spider-Man: No Way Home" filmindəki qısa görünüşü zamanı "Bremont Supermarine S200" model saat taxıb. Bir neçə "Bremont" saatına sahib olan aktyorun filmdə öz şəxsi saatından istifadə etdiyi ehtimal olunur.

43 millimetrlik paslanmayan polad korpusa malik model 30 dəqiqəlik sayğac, 12 saatlıq sayğac və saniyəölçəndən ibarət üçlü göstəriciyə malik mat qara siferblatla təqdim olunur. İkinci saat qurşağı (GMT) funksiyası üçün keramika materialından hazırlanmış 24 saatlıq bezel ilə uyğunlaşdırılmış qırmızı uclu əqrəbə sahibdir.
Saat 42 saatlıq enerji ehtiyatı olan, xronometr sertifikatlı avtomatik "La Joux-Perret Kalibr 7754" mexanizmi ilə təchiz edilib və 200 metrədək suya davamlıdır.
BVLGARI BVLGARI CHRONOGRAPH
Hardi klassik və kostyum üslubuna uyğun "Bvlgari Bvlgari Chronograph" modelini 2018-ci il "Oskar" mükafatlandırma mərasimində taxıb.

18 əyarlı çəhrayı qızıldan hazırlanan modelin bezelində iki "BVLGARI" loqosu relyef şəklində yerləşdirilib. Qara siferblat üzərində çəhrayı qızılı indekslər yer alır və dizayn qara timsah dərisindən hazırlanmış qayışla tamamlanır.
Saatın mexanizmi "Zenith El Primero 400" əsasında hazırlanmış, sütun çarxlı mexanizmə və "Bvlgari" rotoruna malik Kalibr BVL 328-dir. Mexanizm təxminən 50 saatlıq enerji ehtiyatı təmin edir.
Aydın
Şərhlər