XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Toylar kralı" qalmaqalı: Manaf Ağayev Əflatun Qubadovun təqdimatından narazı qaldı
Maqazin13:56 25.09.2026

"Toylar kralı" qalmaqalı: Manaf Ağayev Əflatun Qubadovun təqdimatından narazı qaldı

Müğənni Pünhan Piriyevin 2 minə yaxın qonağın iştirak etdiyi toyunda baş verən qalmaqallar bitmək bilmir.

Qaynarinfo xəbər verir ki, bu dəfə qalmaqal “Toylar kralı” titulu üstündə yaşanıb.

Toyun tamadası Pünhan İsmayıllı məclisdə “Toylar kralı” Manaf Ağayevin və “Toylar şahənşahı” Əflatun Qubadovun da iştirak etdiyini bildirib. Elanından sonra sözü Manaf Ağayevə verib. Manaf Ağayev oxuyub, dərdli analar ağlayıb.

Bu zaman bəy Pünhan Piriyev mikrofonu alaraq Əflatun Qubadovu qonaqlara təqdim edib:

“İndi də söz verilir “Toylar kralı” Əflatun Qubadova”.

Əflatun Qubadovun “Toylar kralı” kimi təqdim olunması Manaf Ağayev və onun dostlarının narazılığına səbəb olub. Məclisdə bəzi sənət adamları “Bu titul Manaf Ağayevə məxsusdur” deyərək etirazlarını bildiriblər.

Bəyin təqdimatı Əflatun Qubadovun xoşuna gəlsə də, Manaf Ağayevin narazılığına səbəb olub.

Toyun tamadası Pünhan İsmayıllı Qaynarinfo-ya açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib:

“Pünhan Piriyev çılğındır, təqdimatda Əflatun Qubadovu “Toylar kralı” kimi təqdim etdi. Bunlar xırda şeylərdir. Burada nə var axı, kiminsə xətrinə dəysin? Dövlətin rəsmi titulu deyil ki. Həqiqətən də “Toylar kralı” Manaf Ağayev olub, bunu danmaq olmaz. Əflatun Qubadov da sıradan biri deyil, nəhəng sənətkardır, gözəl oxuyur, toylarımızın şahıdır. Bəzi toylarda “şahənşah” kimi təqdim olunur”.

Xatırladaq ki, Azərbaycan musiqi və şou-biznesində “Toylar kralı” titulu 2000-ci ildə ilk dəfə korifey sənətkar Mirzə Babayev tərəfindən tanınmış estrada müğənnisi Səməd Səmədova verilib.

Müğənni Manaf Ağayev isə 2009-cu ildə ANS TV-də yayımlanan “Toylar kralı” adlı yarışmanın qalibi olub. Bundan sonra Manaf Ağayev “Toylar kralı” titulu ilə təqdim edilir.

Bahar Rüstəmli