"Toyota” ötən il 10,5 milyon avtomobil satışı ilə dünyanın ən böyük avtomobil istehsalçısı titulunu qoruyub saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 3,7 faiz artım deməkdir. Satışlardakı yüksəliş həm Yaponiya daxili bazarında, həm də şirkətin fəaliyyət göstərdiyi əsas qlobal regionlarda müşahidə olunan güclü nəticələr hesabına təmin edilib.
Maraqlı məqamlardan biri "Toyota”nın bu uğuru ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və qlobal ticarət təzyiqlərinə baxmayaraq əldə etməsidir. Tramp administrasiyası dövründə Yaponiya daha sərt sanksiyalardan yayınsa da, ABŞ Yaponiya istehsalı olan avtomobillər və ehtiyat hissələrinə tətbiq edilən rüsumları 2,5 faizdən 15 faizə yüksəldib. Bu da "Toyota”nı istehsal strategiyasına yenidən baxmağa məcbur edib.
"Lexus” markası da daxil olmaqla "Toyota”nın 2025-ci il üzrə satışları 10 milyon 536 min 807 ədəd təşkil edib. "Daihatsu” və "Hino” markalarının da nəzərə alınması ilə ümumi satış həcmi 11,3 milyon avtomobilə çatıb. Bununla da "Toyota” 9 milyon avtomobil satan "Volkswagen”i böyük fərqlə geridə qoyaraq ardıcıl altıncı dəfə dünyanın ən çox avtomobil satan istehsalçısı olub.
Ən böyük bazar Asiya olaraq qalır
"Toyota” üçün ən mühüm bazar ötən il də Asiya olub. Regionda 3 milyon 285 min avtomobil satılıb ki, bu da illik müqayisədə 2,2 faiz artım deməkdir. Dünyanın ən böyük avtomobil bazarı olan Çində satışlar 0,2 faiz artaraq 1,78 milyon ədədə yüksəlib. Bu artımda yeni təqdim edilən bZ3X və bZ5 elektrik modellərinin rolu böyük olub.
Şimali Amerika bazarında da "Toyota” üçün uğurlu il qeydə alınıb. Region üzrə satışlar 7,3 faiz artaraq 2 milyon 929 min ədədə çatıb. ABŞ-də satışlar 8 faiz, Kanadada 4,4 faiz, Meksikada isə 3,6 faiz artıb.
Avropada "Toyota” 1 milyon 182 min avtomobil sataraq 1,4 faiz artım əldə edib. Latın Amerikasında isə satışlar 3,2 faiz azalaraq 472 min ədəd səviyyəsinə düşüb.
Şirkətin əsas bazarlarından biri olan Yaponiyada satışlar 4,1 faiz artaraq 1 milyon 501 min avtomobilə çatıb. Bu göstərici "Toyota”nın qlobal satışlarının təxminən 18 faizini təşkil edir. "Daihatsu” və "Hino” da daxil olmaqla qrup üzrə satışlar Yaponiyada 12 faiz artım göstərib.
Hibrid avtomobillər satışların əsas hissəsini təşkil edir
Hibrid və elektrik avtomobillər "Toyota”nın ümumi satışlarının təxminən yarısını formalaşdırıb. 2025-ci ildə şirkət 4 milyon 994 min ədəd elektrikləşdirilmiş avtomobil satıb ki, bu da illik müqayisədə 10,2 faiz artım deməkdir.
Bu kateqoriyada ən böyük pay ənənəvi hibrid modellərə məxsusdur. Belə avtomobillərin satışı 7 faiz artaraq 4 milyon 433 min ədədə çatıb. Yüngül hibrid modellərin satışı isə 86,8 faiz artaraq 177 min ədəd olub. Plug-in hibrid avtomobillərin satışı 19,5 faiz artaraq 183 min 845 ədəd təşkil edib.
Tam elektrik avtomobillərin satışı yüksək artım göstərsə də, hələlik ümumi satışlarda kiçik paya malikdir. Bu kateqoriyada satışlar 42,4 faiz artaraq 199 min 137 ədədə yüksəlib.
"Lexus” satışlarını artırıb
"Toyota”nın lüks markası Lexus 2025-ci ildə 882 min 231 avtomobil sataraq 3,6 faiz artım qeydə alıb. Lexus üçün ən güclü bazar yenə Şimali Amerika olub. Regionda satışlar 7,5 faiz artaraq 408 min 70 ədədə çatıb. Asiyada isə "Lexus” satışları cüzi artımla 237 min 946 ədəd səviyyəsində qalıb.
Günay
Şərhlər