ABŞ Prezidenti Donald Tramp Kanada Baş naziri Mark Karni üçün "Sülh Şurası"na qoşulmaqla bağlı əvvəllər göndərilmiş dəvəti geri götürdüyünü bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika lideri cümə axşamı "Truth Social" platformasındakı paylaşımında bildirib.
Karniyə müraciətində Tramp qeyd edib ki, şura Kanadanın bu təşkilatda iştirakı ilə bağlı dəvətini ləğv edir. O, bu qurumu "indiyədək toplanmış ən nüfuzlu Liderlər Şurası" adlandırıb.
"Xahiş edirəm, bu məktub "Sülh Şurası”nın Kanadanın təşkilata daxil olması barədə dəvətini geri götürməsinin təsdiqi kimi qəbul edilsin", – deyə Tramp yazıb.
Həmin günün əvvəlində ABŞ prezidenti Davosdakı tədbirlər zamanı rəsmi olaraq "Sülh Şurası"nın yaradıldığını elan etmişdi.
İlkin olaraq bu orqan İsrail və HƏMAS arasındakı iki illik müharibədən sonra Qəzza zolağının bərpasına nəzarət edən məhdud bir struktur kimi planlaşdırılırdı. Lakin sonradan şuranın mandatı əhəmiyyətli dərəcədə genişləndirildi – o, dünyanın müxtəlif regionlarındakı münaqişələrin nizamlanması ilə məşğul olmalıdır. Potensial iştirakçılara göndərilən nizamnamə layihəsində Qəzza məsələsi ümumiyyətlə qeyd olunmur.
Kanadanın Baş naziri Mark Karni bundan əvvəl dəfələrlə Trampın hərəkətlərini tənqid edərək, onu "qaydalara əsaslanan nizamı" pozmaqda və sərt ticarət rüsumları tətbiq etməkdə ittiham etmişdi. CNN-in məlumatına görə, Karni müəyyən şərtlər daxilində Sülh Şurasına qoşulma imkanını nəzərdən keçirirdi, lakin təfərrüatlar, xüsusən də maliyyə məsələləri razılaşdırılmamış qalırdı.
Dəvətin geri götürülməsi ticarət mübahisələri və xarici siyasətdəki fikir ayrılıqları fonunda Vaşinqton və Ottava arasında siyasi münasibətlərin daha da gərginləşdiyindən xəbər verir.
Alpər
Şərhlər