Xəbər lenti

Nazir: Bu məqsədlə 30-dan artıq yeni modul yaradılıb
Ölkə 11:46 11.03.2026

Nazir: Bu məqsədlə 30-dan artıq yeni modul yaradılıb

2020-ci ildən etibarən qurulan Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini də ciddi şəkildə artırmışdır. Bu transformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə zamanı Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir bildirib ki, layihə çərçivəsində aqrar sahədə qərarverməni daha dəqiq və məlumat əsaslı etmək məqsədilə 30-dan artıq süni intellekt modulu müəyyən edilib. 

"Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər məlumat mənbələrini bir araya gətirərək həm dövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarvermə prosesini dəstəkləyir. Sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitik məlumatlar formalaşdırılır. Bu məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə çatdırılır. Beləliklə, aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir", deyə nazir vurğulayıb

Qafqaz Rafiqoğlu

--> -->