Xəbər lenti

Dünya 12:22 16.08.2025

"Trampdan Putinə cavab zərbəsi gözlənilə bilər" (ŞƏRH)

"Alyaska görüşü birmənalı olaraq Putinin aktivinə yazılan bir hadisə oldu".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Alyaskada baş tutan görüşü şərh edərkən deyib. 

Ekspertin fikrincə, görüş məhz Putinin dominantlığı, üstünlüyü ilə keçib:

"Tramp isə görüşə hazırlıqsız gəlmişdi. Görüş zamanı liderlərin sərgilədiyi bədən dillərinə əsasən söyləmək olar ki, Putin öz ambissiyalarından bir addım belə geri çəkilmədi. Bu da onu göstərir ki, Tramp üçün görüş uğurlu sayıla bilməz. Görüşün nəzərdə tutulduğundan tez başa çatması da onu təsdiqləyir ki, proses məqsədyönlü sonluğa çatmayıb. Bir sözlə görüş Kiyevlə Moskva arasında atəşkəs və sülhə heç bir töhfə vermədi. Putin əvvəlki şərtlərində israrlı olduğunu bir daha nümayiş etdirdi. Rusiyanın görüşdə baş məqsədi dünyaya təcrid şəraitində olmadığını göstərmək idi və buna da nail oldu. Tramp isə guya görüşün konstruktiv keçdiyini bildirdi. O, həmçinin, Rusiyaya sanksiyalarla bağlı məsələdə iki-üç həftəlik düşünməli olduğunu söyləyib”. 

Həmsöhbətimizin fikrincə, Putini diplomatik masada məğlub etmək mümkün deyil:

"Cəbhədə ciddi itkilərə məruz qoyulmasa, o masada qoyulan şərtləri qəbul etməyəcək. Trampın prosesə Avropa ölkələrinin də töhfə verməli olduğunu söyləməsi onun həm də çarəsiz vəziyyətdə olduğunun göstəricisidir. Bununla o, Putinlə diplomatik döyüşdə Avropadan sanki kömək istədi. Bu da əslində Trampın Putin qarşısında məğlubiyyətinin etirafı idi”. 

Ü.Şəfiyev düşünür ki, görüş nəticəsiz kimi xarakterizə edilməlidir:

"Tramp bir daha Putinin şərtlərini eşitməli oldu. Putin məqsədinə çatdı. Tramp isə əfsus ki, hələ də "Qordi düyünü”nü aça bilmir. Trampın imici isə bu görüşlə siyasi persona olaraq zədələndi. O, düzgün hesablama aparmayaraq, sanki psixoloji cəhətdən Putinin üstün görünməsinə şərait yaratdı”. 

Konfliktoloq ümid edir ki, bir neçə həftədən sonra Trampdan Putinə qarşı cavab zərbəsi gözlənilə bilər:

"Əks təqdirdə, Tramp ölkə daxilində və beynəlxalq arenada ciddi imic itkisinə məruz qalacaq”. 

Qeyd edək ki, dünən ABŞ ştatı olan Alyaskada Amerika prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında görüş baş tutub. 3 saat davam edən görüşdə Ukrayna və ikitərəfli əlaqələr məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
 
Görüşdə nəticə əldə edilməsə də, Tramp razılaşmağa yaxın olduqlarını bəyan edib. Hətta o, yaxın zamanlarda Zelenski, Putin və özünün iştirakı ilə görüşün ola bilməsi ehtimalını da istisna etməyib. ABŞ prezidenti bildirib ki, Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->