İdman 16:30 25.10.2023

“Turan Tovuz” niyə beş turdur qələbəyə həsrət qalıb? - Kapitanın şərhi

Azərbaycan Premyer Lqiasının növbəti turunda "Qərb derbisi” baş tutacaq. Turnir cədvəlinin sonuncu pilləsində yer alan "Kəpəz”, beş oyundur qələbə qazana bilməyən "Turan Tovuz”un qonağı olacaq. Sponsoru olmayan, maliyyə sıxıntıları içində çapalayan Gəncə klubunun durumunu haradasa anlamaq olar. Bəs "Turan Tovuz”da nə baş verir? Komandanın bir aydır qələbəyə həsrət qalmasının səbələri nədir? Bu durum ab-havaya necə təsir edib?

Komandanın kapitanı Şəhriyar Əliyev Qaynarinfo-ya açıqlamasında bu barədə fikirlərini bölüşüb. Hazırda zədəsini sağaltmaqla məşğul olan müdafiəçi qarşıdan gələn "Kəpəz”lə matç haqda bunları deyib:

"Fiziki məşqlərə başlamışam. Çox güman "Kəpəz”lə oyunda meydana çıxmayacağam. Çünki zədəmi yeniləyə bilərəm. Bədənim hələ oyuna hazır deyil. Komanda ilə birlikdə isinmə hərəkətləri edirəm, daha sonra tam özümə gəlmək üçün kollektivdən ayrılıb fiziki məşqlərə yönəlirəm. Zədəm, demək olar, tam sağalıb. Yəqin, hazır olacağım halda "Səbail”lə matçda oynayacağam”.

Kapitan beş turdur qələbəyə həsrət qalan "Turan Tovuz”un kənardan necə görünməsi haqda sualı belə cavablandırıb:

"Son iki - "Zirə” və "Qarabağ”la matçda oynamamışdım. Həqiqətən kənardan baxmaq çətindir, adam istəyir, komandasına kömək etsin. Oynayanda heç bu qədər stres olmur. Meydana çıxanda fikrin oyunda olur deyə, kənardan baxanda adama daha çətin gəlir. Son vaxtlarda qələbə qazanmamışıq. Elə oyunlarımız olub ki, qələbə qazana bilərdik. Xal və xallar qazanmağa çalışırıq. "Kəpəz”lə evdə oynayacağıq”.

Əliyev komandanın qeyri-sabit çıxışının səbəbini nədə gördüyünü deyib:

"Səfərdə daha yaxşı oynayırıq. Evdə elə vəziyyətlər olur ki, qələbə qazanacağımız oyunları əldən veririk. Zədəli futbolçularımız da çoxdur. Təlim-məşq toplanışından qayıdanda iki əsas oyunçumuz zədələndi. Elə oyunçularımız var ki, zədəli halda meydana çıxır. Luis Paçu yay fasiləsindəki toplanışın son oyununda 90+2-ci dəqiqədə elə zədə aldı ki, yazıq bir ay yarımdır oynaya bilmir. Əzələsində yırtıq yaranıb. Onun özünə gəlməsi, inamını bərpa etməsi, komandaya qayıdıb uyğunlaşması, fiziki durumunu düzəltməsi vaxt aparacaq. Həmçini Piruzi də zədəlidir. Bunlar komandaya təsir edir. Yeni oyunçuların uyğunlaşması üçün vaxt lazımdır. Oyundan-oyuna ideal formada olmağa çalışırıq”.

Müdafiəçi "Kəpəz”lə derbi haqda düşünüdüklərini də bölüşüb:

"Evdə oynayırıq, hər kəs bu matça derbi kimi baxır. Futbolçularımız üçün isə adidir. Çempionat oyunudur, rəqibi düzgün analiz etməyə çalışacağıq. Onlar sonuncu pillədən qurtulmaq, biz isə xal qazanıb rəqiblərimizdən aralanmaq istəyirik. "Zirə” ilə oyunlarına baxdıq, həqiqətən mübarizə aparırlar”.

Şəhriyar, ötən tur "Qarabağ”la heç-heçə (2:2) etdikləri oyuna da toxunub:

"Qarabağ”ın adı elə oyuna motivasiya olmağın üçün bəs edir. Qələbə qazana, yaxud məğlub ola bilərdik. Düşünürəm ki, bir xal pis nəticə deyil. "Qarabağ” çempionluğa namizəddir. Bir xal öz aramızdakı oyunlarda vacib ola bilər. Böyük komandalardan xal almaq yaxşı haldır”.

O, komandanın mövsümdəki perspektivləri haqda da fikirlərini söyləyib:

"Real danışaq, komanda keçən il Premyer Liqaya qayıtdı. İkinci dövrədən sonra sponsor tapıldı. Kollektiv yeni formalaşır, uyğunlaşır, buna vaxt lazımdır. Amma futbolçu olaraq, yəqin digərləri də mənimlə razılaşar, istəyirik ki, həmişə nəticələrimiz yaxşı olsun. Bu, futbolçunun, belə demək mümkünsə, pasportudur. Çünki komanda avrokuboklara gedəndə dəyər qazanır. Başqa klublardan təkliflər alır. İndi bütün rəqiblərimiz güclənib. Hamı bir-birindən xal alır. Məsələn, "Kəpəz” "Qarabağ”dan, "Sabah”dan, "Neftçi”dən xal alıb. Düşünürəm ki, çempionatın səviyyəsi əvvəlki illərə nisbətən artıb. 4-5 komanda dördünücü yeri fikirləşir. Bəlkə də çempionata maraq qatan budur. Ağır olacaq, xallar qazanıb avrokuboklara vəsiqə qazanmaq istəyirik”.

Tovuzlu azarkeşlər çılğınlığı ilə fərqlənir. Maraqlıdır, uzun müddətdir qələbə qazanmadığı üçün futbolçular üzərlərində azarkeş təzyiqi hiss edirlər?

"Oyunlarda azarkeşlərimizin dəstəyini, hətta Bakıdakı oyunlarda belə özümüzü hər zaman evimizdəymişik kimi hiss edirik. Onlara təşəkkür edirəm ki, nəticələrə baxmayaraq, yanımızda olurlar. Elə azarkeşlərimiz var ki, şəxsən telefonla danışırıq, dəstəklərini görürük. Onların sözləri futbolçulara motivasiya verir. Oyuna çıxanda onları sevindirməyə çalışırıq. Azarkeşlər hər oyun qələbə istəyir. Deməzdim ki, böyük təzyiqlər olur. Bəlkə də yeni gələnlər üçün belə hisslər yarana bilər”.

Səbuhi Həsənov