Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən "Türkan-1" əhəng daşı yatağının qanunsuz istismar edildiyi məlum olub.
Qaynarinfo xəbər verir ki, bu faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üzə çıxarıb.
Yatağın qanunsuz istismar edilməsi ilə dövlətə 7224 manat ziyan vurulub. Nazirliyin əməkdaşları tərəfindən toplanılmış materillar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilib. Daha sonra faktla bağlı Cinayət Məcəlləsinin 255.1-ci (Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Yatağı qanunsuz istismar edən şəxs Türkan qəsəbəsinin sakini Mehdi Vəliyev (şərti) olub. Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Mehdi Vəliyev özünü verilmiş ittiham üzrə təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Seyid
Şərhlər