Xəbər lenti

Türkiyə Avropa İttifaqının üzvü olacaqmı?..
Hüseynbala Səlimov
Dünya 10:53 17.07.2023

Türkiyə Avropa İttifaqının üzvü olacaqmı?..

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-nun üzvü olması ilə bağlı məlum bəyanatından sonra yalnız bircə əlavə etmək qalır: düşünürük ki, məsələ əvvəldən belə qoyulmalı idi. Bəli, NATO-nun bütün üzvlərinə, xüsusən də Blokun üzvülüyünə namizəd olan və İsveçlə Finlyandiyanın keçdiyi prosedurları hələ irəlidə keçməli olan ölkələrə bəyan etmək lazım idi ki, Türkiyənin dəstəyinin müqabilində, üzv ölkələr, xüsusən də namizəd dövlətlər Ankaranın Avropa İttifaqına inteqrasiyasina öz töhfələrini verməlidirlər.

Amma gəl, rəsmi Ankara bir qədər fərqli yolla getdi. O, əvvəlcə Helsinkinin üzvlüklə bağlı protokollarını təsdiqlədi. İsveçlə bağlı ilə isə sonuncu günə qədər bəyan etdi ki, bu ölkəyə özünün bütün tələbləri yerinə yetirilməyənə qədər dəstək verməyəcək.

Fəqət NATO-nun sammitinin lap ərəfəsindəcə Ankara tələblərinin tonunu bir qədər aşağı saldı, özünün Avropa İttifaqı ilə bağlı keçmiş planlarını xatırladı. Doğrusu, bir neçə il bundan əvvəl, Fransa prezidenti Nikolya Sarkozinin Türkiyəyə səfəri zamanı dediyi "Nə Avropa İttifaqının Türkiyəyə ehtiyacı var, nə də Türkiyənin Avropa İttifaqına” sözləri bizdə belə təsəvvür yaratmışdı ki, qardaş Türkiyənin Avropa İttifaqına inteqrasiyası ən azı qeyri-müəyyən müddətə təxirə salındı.
Üstəgəl, bu illər ərzində Türkiyənin xarici siyasətində nəzərə çarpan ən yeni detal Rusiya ilə yaxınlaşma olmuşdu. Ona görə də təsadüfi deyil ki, onun prezidentinin bəyanatına ilk reaksiya da məhz Rusiyadan gəldi – bəli, Kremlin sözçüçsü Dmitri Peskov bəyan etdi ki, Türkiyə dünyaya rəngli eynəklə baxmamalıdır, onu guya ki, Avropada heç kim gözləmir.

Qeyd etmək lazımdır ki, NATO-nun özünün prezident R.T.Ərdoğanın yeni tələbinə münasibəti çox pozitiv oldu: Alyans bəyan etdi ki, o, həmişə Türkiyənin Avropa İttifaqına üzvlüyünə dəstək verib, indi də onu dəstəkləyir. Amma Avropa İttifaqı təmsilçiləri dərhal bəyan etdilər ki, iki məsələni biri-birilə qarışdırmaq lazım deyil: hansısa dövlətin NATO-ya üzv olması bir məsələdir, Türkiyənin Avropa İttifaqına inteqrasiyası isə tamam başqa...

Amma Türkiyə prezidenti öz tələbini artıq səsləndirib. Onun bəyantı həm də onunla əlamətdardır ki, bu bəyanat digər ölkələrə bir daha xatırlatdı ki, Ankara həmişə qərbyönümlü siyasət yürüdüb, indi də bu kursa sadiqdir. Əlbəttə, heç kim gözləmir ki, Türkiyə bu günlərdə Aİ-a üzv olacaq. Yox, bu, olmayacaq. Amma NATO-nun genişlənməsi İsveç və Finlyandiya ilə məhdudlaşmayacaq, növbədə başqa ölkələr də var. Məsələn, Vilnüs sammitində bəyan edildi ki, NATO gələcəkdə Kiyevi nisbətən sadələşdirilmiş prosedurlarla qəbul edəcək, ondan üzvülüklə bağlı Hərəkət Planının yerinə yetirilməsini tələb etməyəcək.

Amma Rusiyada bütün bunlardan uzağa gedən ekstrapolyasiyalar etməklə məşğuldurlar. Orada Türkiyəni artıq "dost olmayan ölkə” kimi qeyd ediblər. Üstəgəl, ironiya edirlər ki, Ukrayna bu sammitdə NATO-ya qəbul olunmadı, halbuki heç kimin belə bir planı yox idi. Türkiyəyə gəldikdə isə, lap əvvəldən məlum idi ki, Türkiyə ilə Rusiyanın siyasəti məyyən vaxta qədər sinxron olacaq, daha sonra isə yollar ayrılacaq. Elə bu günlərdə prezident Ərdoğan bəyan etdi ki, Rusiya "sülhməramlıları” 2025-ci ildə Azərbaycan ərazisini tərk etməlidirlər. Üstəgəl, yaxınlarda Ukrayna prezidenti Türkiyəyə uğurlu səfər etdi. Aydın məsələdir ki, bu məsələlər Kremlin diqqətindədir. Amma bu, Türkiyəni öz siyasi kursunu dəyişməyə vadar edə bilməz – onun siyasi vektoru haradasa Rusiyanın siyasətilə uzlaşacaq, harada isə isə uzlaşmayacaq. Bu, çox təbii haldır: Türkiyənin də Rusiya kimi öz milli maraqları var.
 
Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->