Xəbər lenti

Yer kürəsinin ucqarında gizli dünya:
Dünya 10:25 15.10.2025

Yer kürəsinin ucqarında gizli dünya: "Y planeti" mövcuddurmu?

Alimlər "Y planeti”nin mövcud olub-olmadığını araşdırırlar. 

Qaynarinfo xəbər verir ki, "Daily Mail” nəşrinin yazdığına görə, Plutonun cırtdan planet kimi təsnif edilməsindən sonra demək olar hamı Günəş sistemində səkkiz planetin olduğunu qəbul etmişdi. Lakin yeni tədqiqat bu fikri dəyişə bilər.

Prinston Universitetinin tədqiqatçıları Günəş sisteminin kənarında gizlənmiş "gizli bir dünya” ola biləcəyini irəli sürüblər. Onlar bu planeti "Y planeti” adlandırıblar. Alimlərin fikrincə, bu planetin ölçüsü Yerə bənzəyir və qayalı quruluşa malikdir.

Bu fərziyyə, alimlərin Neptunun o tayında yerləşən və buzlaqlardan ibarət olan "Koyper qurşağı”ndakı 50 obyektin qeyri-adi bucaq altında hərəkət etdiyini müşahidə etməsindən sonra yaranıb.

Tədqiqatın aparıcı müəllifi doktor Amir Sirac bildirib: "Biz bu meylliliyi planetlə əlaqələndirmədən izah etməyə çalışdıq, lakin nəticədə orada həqiqətən bir planetin olmalı olduğunu gördük”.

Plutonun planet statusundan çıxarılmasından sonra astronomlar "doqquzuncu planet” axtarışlarını "Koyper qurşağı"na yönəldiblər. Bu qurşaq Neptunun o tayında yerləşən, buzlu cisimlərdən, asteroidlərdən və cırtdan planetlərdən ibarət halqadır və onun Günəş sisteminin yaranmasından sonra qalan qalıqlar olduğu düşünülür.

Bu uzaq ərazidə yerləşən planetlər Günəş işığını çox zəif qəbul etdikləri üçün onları adi teleskoplarla müşahidə etmək çox çətindir. Buna baxmayaraq, alimlər hesab edirlər ki, onların digər cisimlərə təsirini izləməklə bu gizli planetləri müəyyənləşdirmək mümkündür.

Xatırladaq ki, 2016-cı ildə Kaliforniya Texnologiya İnstitutunun alimləri Mayk Braun və Kostyantin Batigin "X planeti hipotezini” irəli sürərək, "Koyper qurşağı"ndakı obyektlərin hərəkətinin yalnız nəhəng və uzaqda yerləşən "X planeti” ilə izah oluna biləcəyini demişdilər.

Lakin doktor Sirac hesab edir ki, doqquzuncu planet roluna başqa bir namizəd də ola bilər və o, bizə daha yaxın məsafədə gizlənir.

Əgər "Y planeti” həqiqətən varsa, onun kütləsi Yer və Merkuri arasında yerləşir. Bu isə onu qaz nəhəngi kimi təsvir edilən və Yer kütləsindən 10 dəfə böyük olan "X planeti”ndən daha kiçik edir.

"Y planeti” Günəşdən 100–200 dəfə uzaqda, "X planeti”ndən isə iki dəfə yaxın məsafədə dövr edir. Buna baxmayaraq, bu məsafə onun çox solğun görünməsinə və birbaşa müşahidəsini çətinləşdirir.

Alimlər ehtimal edirlər ki, "Y planeti”nin orbitinin müstəvisi təxminən 10 dərəcəlik meylliliyə malikdir, bu da onun aşkarlanmasını daha da mürəkkəbləşdirir.

Qeyd olunur ki, "Y planeti” hipotezası "X planeti”nin mövcudluğunu inkar etmir. Bu isə Günəş sistemində planetlərin sayının 10-a çata biləcəyi anlamına gəlir.

Hazırda "Y planeti” "Koyper qurşağı"ndakı obyektlərin orbit meylliliyinə inandırıcı izah versə də, müşahidə məlumatları olmadan onun varlığı sübut olunmayıb. Lakin vəziyyət yaxın illərdə dəyişə bilər – çünki "Vera Rubin” observatoriyası artıq dünyanın ən böyük rəqəmsal kamerası ilə səmanın fotoşəkillərini çəkməyə başlayıb.

Alimlər gözləyirlər ki, bu observatoriya minlərlə yeni obyekt, o cümlədən X və Y planetlərini aşkar edə bilər.

Doktor Sirac deyib: "Observatoriyanın fəaliyyətinin ilk iki-üç ili ərzində hər şey aydınlaşacaq. Əgər "Y planeti" teleskopun görüntü sahəsinə düşsə, biz onu birbaşa müşahidə edə biləcəyik".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->