Dünya 16:02 18.05.2022

Türkiyə KTMT-yə üzv olacaq? - Araz Əlizadə

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində Türkiyənin timsalında təşkilat daxilində fikir ayrılığının olması Rusiyadakı bəzi siyasətçilər üçün "hücuna keçməyə” fürsət yaratdış Onlar elə hesab edirlər ki,  Ankara bundan sonrakı fəaliyyətini KTMT-də davam etdirə bilər. Belə ki, Rusiya Dövlət Dumasının üzvü Adalbi Şxaqoşev yeni ölkələrin NATO-ya daxil olması ilə bağlı qərarın alyansın parçalanmasına gətirib çıxaracağını qeyd edib. Deputata görə, Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq haqqında düşünə bilər: "Bu baş verərsə, biz Türkiyənin KTMT-yə daxil olmasını gözləyirik”, - deyə Şxaqoşev bildirib.

Qeyd edək ki, hazırda Türkiyə Stoqolm və Helsinskinin NATO-ya üzvlüyünə qarşıdır. Buna da əsası var. Belə ki, bu iki Skandinaviya ölkəsi öz ərazilərində PKK terrorçularına sığınacaq verib və bu ölkələrdə Türkiyə əleyhinə fəaliyyət göstərmələrinə  imkan yaradır. Bu isə haqlı olaraq Ankaranın narazılığına səbəb olub. Belə bir vəziyyətdə Rusiyada bir çoxları düşünür ki, yaranmış situasiyada NATO  parçalanacaq və bu fonda Türkiyəni KTMT-yə dəvət etmək olar. Digər tərəfdən, KTMT sammitində Rusiya Prezidenti Vladimir Putin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsi təklifilə çıxış edib.

"MDB-yə KTMT yanında müşahidəçi status vermək məsələsini müzakirə etməyimiz yerində və düzgün olardı”, - deyə Rusiya Prezidenti bildirib.

Hər iki məsələ ilə bağlı Qaynarinfo-ya danışan ASDP sədri Araz Əlizadə düşünür ki, Moskva Türkiyəni KTMT-də görməklə bu ölkə ilə əlaqələri daha da genişləndirmək, habelə hərbi qurumu gücləndirmək niyyəti güdür:
 
"Rusiya Türkiyə ilə münasibətləri daha da yaxşılaşdırmaq istəyir. Digər tərəfdən, Qərb təhlükəsi fonunda KTMT-ni gücləndirmək niyyətindədir. Ona görə də Ankaranın KTMT-də olmasını arzuladıqlarını bildiriblər. Amma Türkiyənin bu təklifi qəbul edib-etməyəcəyini söyləmək çətindir. Bilirsiniz ki, Ərdoğan müstəqil insandır. Ona görə də onun gedişlərini proqnozlaşdırmaq çətindir. Fikrimcə, bu ideyanın oraya atılmasının arxasında Türkiyənin İsveçlə Finlandiyanın NATO-ya qəbul edilməsinə razılıq verməsi dayanır”.  A. Əlizadə bu qənaətdədir ki, Ankara bu addımı atsa belə, NATO ona qarşı heç nə edə bilməyəcək:"Çünki yuxarıda da qeyd etdiyim kimi, Ərdoğan müstəqil siyasət yürüdür. Əksinə, bu halda qurumun həmin cinahda mövqeləri zəifləyə bilər”. 

Putinin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsi təklifinə gəldikdə, ASDP sədrinin fikrincə, bu ideya siyasi qurumdakı ölkələr hesabına hərbi birliyi möhkəmləndirib NATO-ya qarşı daha ciddi bir təşkilatın yaradılmasına nail olmaq məqsədi daşıyır: "Onun reallaşıb-reallaşmayacağını deyə bilmərəm. Çünki məsələnin həlli MDB dövlət başçılarının verəcəyi qərardan asılı olacaq. Amma Ermənistanın da KTMT-də təmsil olunduğunu nəzərə alsaq, MDB üzvü olaraq Azərbaycanın buna razılıq verməsinin nə qədər düzgün olduğunu bilmirəm”. 
 
Rüfət Sultan