Kanadanın Toronto şəhərində yerləşən tərk edilmiş Dovnsviev hava limanı böyük bir şəhərsalma layihəsi çərçivəsində tamamilə yenidən qurulur.
Qaynarinfo xəbər verir ki, 2024-cü ildə bağlanan aeroportun 370 akr ərazisi YZD adlı 30 milyard dollarlıq layihə ilə yeni şəhər zonasına çevriləcək.
Təxminən 50 min nəfərin yaşayacağı planlaşdırılan bu yeni şəhər, Şimali Amerikanın ən iri urban transformasiya layihələrindən biri kimi qiymətləndirilir. Layihənin tam icrasının 30 ildən çox davam edəcəyi bildirilir.
Layihənin ən diqqətçəkən hissələrindən biri uzunluğu təxminən iki kilometr olan köhnə uçuş-enmə zolağının mərkəzi parka çevrilməsidir. Bu park yeni şəhərin əsas "birləşdirici oxu” kimi planlaşdırılır və müxtəlif rayonları bir araya gətirəcək.
Son aylarda layihənin Dovnsviev Uest Distrikt adlı hissəsinin yenilənmiş planları təqdim olunub. Bu ərazi Dovnsviev Park TTC və GO Station nəqliyyat mərkəzləri ətrafında çoxfunksiyalı yaşayış və kommersiya zonası kimi inkişaf etdiriləcək.
Planlaşdırma prosesinə "Urban Strategies", "Trophic Design" və "ERA Architects" kimi şirkətlər cəlb olunub. Layihə şəhər rəhbərliyi və yerli icmalarla aparılan məsləhətləşmələrdən sonra yenidən işlənib.
Yeni planlara görə ərazi üç əsas zonaya bölünəcək: "Station Quarter", "Heart at the Crossroads" və "Mews". Ən hündür binalar nəqliyyat qovşaqlarına yaxın yerləşdiriləcək və göydələnlərin hündürlüyü 197 metrə qədər çatacaq.
Layihə çərçivəsində təxminən 8 800 yaşayış mənzili inşa ediləcək. Onların 20 faizi əlçatan qiymətli mənzillər olacaq. Eyni zamanda ofislər, ticarət obyektləri, məktəblər və ictimai məkanlar da salınacaq.
Ərazi II Dünya müharibəsi dövründə hərbi təyyarələrin istehsalında istifadə olunub, 1990-cı illərdə isə aerokosmik şirkətlərin nəzarətinə keçib. Layihə rəhbərliyi bildirir ki, köhnə tikililərin saxlanması şəhərin kimliyini qorumaq üçün vacib elementdir və tam söküntü əvəzinə adaptiv istifadə daha ekoloji yanaşma sayılır.
Aydın
Şərhlər