Ukraynada müharibənin dayandırılmasına dair sazişin əsasını təşkil edəcək məzmunun böyük hissəsi hələ də qeyri-müəyyən olaraq qalır və yəqin ki, hələ həllini tapmayıb. ABŞ prezidenti Donald Tramp mümkün qədər tez istənilən sazişi bağlamaq istəsə də, Kiyev və onun müttəfiqləri detalları işləmək və ədalətsiz nəticədən qaçmaq üçün vaxt qazanmaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” qəzetinin Avropa redaktoru Ben Hol
yazıb.
Onun sözlərinə görə, Tramp ilə görüşdə Ukrayna və tərəfdarlarının iki əsas məqsədi olub:
1. ABŞ-ın müharibə bitdikdən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün konkret olaraq nə etməyə hazır olduğunu öyrənmək;
2. Trampın zəruri hesab etdiyi bir şərt – Ukraynanın hazırda nəzarətində olan ərazilərin Rusiyaya verilməsi ideyasının qarşısını almaq.
Eyni zamanda Hol qeyd edir ki, ərazilərin təhvil verilməsi Tramp və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkofun düşdüyü Rusiya tələsidir.
"Ukrayna lideri dəfələrlə bəyan edib ki, Donetsk və Luqansk vilayətlərinin qalan hissəsindən imtina onun üçün "qırmızı xətt”dir. Avropa müttəfiqləri isə birbaşa ərazi məsələsi ilə üz-üzə gəlmək əvəzinə, Tramp və onun rəsmilərinin ABŞ-ın iştirak edə biləcəyi barədə pozitiv açıqlamalarından istifadə edərək təhlükəsizlik təminatlarına diqqət yönəltməyi üstün tutdular”, – müəllif yazır.
Onun fikrincə, bazar ertəsi keçirilən görüşdə Trampın təklifi daha qeyri-müəyyən olub. O, ABŞ-ın "əhəmiyyətli yardım” və "koordinasiya” göstərəcəyini, amma bunu birbaşa Ukraynaya deyil, Avropa ölkələrinə aid etdiyini vurğulayıb. Holun qənaətincə, ümid qalır ki, ABŞ prezidenti avropalı liderlərlə qapalı danışıqlarda daha açıq şəkildə danışıb.
"Ərazi güzəştləri və təhlükəsizlik zəmanətləri eyni medalın iki üzüdür. Rusiya nədənsə Trampı inandırıb ki, Ukraynanın qəbul edə bilməyəcəyi maksimalist ərazi tələbləri yeganə razılaşma bazasıdır. Ukrayna və avropalılar da təhlükəsizlik zəmanətləri məsələsində eyni dərəcədə qətiyyətli davranmalıdırlar. Bazar ertəsinin nəticələrinə görə görünür ki, hələ çox iş görməli olacaqlar”, – müəllif yekunlaşdırır.
Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanı Ukrayna ilə bağlı güzəştlərə məcbur etməyin yollarından danışmışdı. O, danışıqların uğursuz olması halında Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırmışdı.
Eyni zamanda NATO-nun baş katibi Mark Rütte Vaşinqtondakı görüşdən sonra Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmur, amma "5-ci maddəyə” bənzər təhlükəsizlik təminatları barədə danışılır.
"Vəziyyət belədir: ABŞ və bəzi digər ölkələr Ukraynanın NATO-ya üzvlüyünə qarşıdır. NATO-nun rəsmi mövqeyi isə budur ki, Ukraynanın Alyansa doğru geri dönməz bir yolu var”, – Rütte vurğulayıb.
Alpər
Şərhlər