Donetsk vilayətində yerləşən Ukraynanın Pokrovsk şəhəri süqut təhlükəsi altındadır. Eyni zamanda Rusiya qış ərəfəsində Ukraynanın enerji infrastrukturuna hücumlarını gücləndirir.
Qaynarinfo "Reuters”ə istinadla
yazır ki, Rusiyanın irəliləyişi — çox yavaş olsa və böyük itkilərlə müşayiət olunsa belə — az adam yaxın zamanda sülh müqaviləsinin imzalanmasına ümid edir.
"Daha doğrusu, görünür ki, hər iki tərəf vətəndaşlarını və iqtisadiyyatını bir neçə il davam edə biləcək "sonsuz müharibəyə” hazırlamağa çalışır”, – deyə nəşr yazır.
Sənaye və insan faktoru
Sahə ekspertlərinin məlumatına görə, hazırda Ukraynada müxtəlif ölçülü bir neçə yüz silah istehsalı şirkəti fəaliyyət göstərir. Qiymətləndirmələrə görə, yalnız 2025-ci ildə istehsal olunacaq pilotsuz uçuş aparatlarının ümumi sayı 4 milyon olacaq, lakin bəzi analitiklər bildirirlər ki, kifayət qədər xarici maliyyə təmin edilsə, bu rəqəm iki dəfə arta bilər.
Bu arada, Chatham House Ukraine təşkilatının əməkdaşı Yaroslav Barbieri deyir ki, münaqişənin sonsuz xarakteri səbəbindən Ukraynada bir çoxları hərbi xidmətə çağırılışı "cəbhəyə bilet — tək tərəfli yol” kimi qəbul edir, çünki komandirlər təcrübəli hərbçiləri illərlə xidmət etdikdən sonra belə buraxmaq istəmirlər.
Nəşr xatırladır ki, indiyə qədər çağırışçılar və işğaldan sonra könüllü gedənlər müddətsiz müqavilələr imzalayırdılar və bu müqavilələr müharibənin sonuna qədər qüvvədə qala bilirdi. İndi isə planlaşdırılır ki, yeni hərbçilər əsasən beş il xidmət etsinlər və tərxis olunduqdan sonra ən azı bir il, bəlkə də daha uzun müddət təkrar çağırışdan azad olsunlar.
"Ukrayna ordusu bu rəqəmləri real şəkildə reallaşdıra biləcəkmi — başqa sualdır: hələlik pilotsuz uçuş aparatlarına investisiyaların artırılması hesabına çatışmazlığın aradan qaldırılması səyləri kifayət etmir”, – deyə "Reuters" qeyd edir.
"Bəzi qiymətləndirmələrə görə, Pokrovsk uğrunda son döyüşdə iştirak edən Rusiya qoşunlarının sayı bəzən Ukrayna müdafiəçilərinin sayını doqquz dəfə üstələyib”.
Ruslar irəliləyişlərinə görə yüksək qiymət ödəyiblər: bəzi ukraynalı ekspertlərin hesablamalarına görə, 2025-ci ilin oktyabrında öldürülən rus hərbçilərinin sayı 25 000 nəfərə çata bilər. Bununla yanaşı, Ukrayna on minlərlə gəncin ölkəni tərk etməsi ilə üzləşib – elə bir vaxtda ki, Kreml yeni çağırışçıların sayını artırmağa çalışır.
Ukraynada siyasi vəziyyətin gərginləşməsi
Bu həftə Ukraynanın ədliyyə naziri Herman Haluşenko və energetika naziri Svetlana Qrinçuk böyük məbləğdə vəsaitlərin mənimsənilməsi ilə bağlı araşdırma çərçivəsində istefa veriblər.
"Bir neçə ay davam edən bu qalmaqal, görünür, Zelenski hakimiyyəti üçün işğalın başlanğıcından bəri ən böyük təhlükədir. Bu qalmaqal artıq toplanmış narazılığı — seçkilərin təxirə salınması və məcburi səfərbərlikdə mümkün ədalətsizliklə bağlı narazılığı qızışdıra bilər. Əgər Ukrayna cəbhədə məğlub olarsa, bu problemlər daha da dərinləşə bilər”, – "Reuters" yazır.
Bununla belə, digər istiqamətlərdə Ukrayna irəliləyiş əldə edir
Gələn ay Avropa İttifaqı nazirləri ilk dəfə olaraq Lvovda görüşəcəklər və Zelenski hökumətinin 2030-cu ilə qədər nail olmaq istədiyi üzvlük yolunu müzakirə edəcəklər.
Lakin bu, iqtisadiyyat və biznesin də Aİ qaydalarına uyğunlaşdırılmasını tələb edir — bu isə müharibə şəraitində və Macarıstanın və ya digər üzv dövlətlərin veto riski fonunda böyük çətinlikdir.
Bununla belə, Aİ ümumilikdə Ukraynaya dəstəyi artırmağa çalışır. Buna dondurulmuş Rusiya aktivlərinin Kiyevin istifadəsi üçün açılması da daxil ola bilər.
"Bu, Ukraynanın mübarizəni davam etdirməsi üçün kifayət edə bilər — əgər üzv ölkələr nəhayət, maliyyələşdirməyə razılıq versələr. Əks halda, gələn il müharibənin ən çətin ili ola bilər”.
"Politico” daha əvvəl yazmışdı ki, gələn qış Ukrayna üçün müharibə müddətində ən çətin qış ola bilər və ölkəni üç böyük çağırış gözləyir — maliyyə böhranı, cəbhədə itkilər və enerji müharibəsi.
Eyni zamanda, Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukrayna daha üç il döyüşməyə hazırdır, lakin Vladimir Putin bu qədər davam gətirə bilməyəcək.
Alpər
Şərhlər