Xəbər lenti

Dünya 16:50 22.04.2024

"Ukrayna savaşında dönüş yaranacaq" - Ekspert

"Ukraynaya ayrılan yardım istər müharibənin gedişatı, istərsə də mənəvi-psixoloji atmosferə təsir göstərəcək. Ordunun təchizat baxımından xeyli irəliləməsinə, daha yüksək səviyyədə təminatına imkan verəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Ukraynaya 61 milyard dollarlıq yardım paketi ayırmaq barədə ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərarı şərh edərkən deyib.

Ərəstun Oruclu bildirib ki, adıçəkilən yardımın Ukrayna daxilindəki siyasi vəziyyətə də müsbət təsiri olacaq:

"Müharibə getdiyindən Ukraynada hazırda seçkilərin keçirilməsi məsələsi aktual deyil. Amma bu o demək deyil ki, müəyyən müddətdən sonra seçkilər məsələsi gündəmə gəlməyəcək. Hər bir halda, ölkə daxilində, hələlik üzdə olmayan pərdəarxası fəaliyyət göstərən rusiyameylli müəyyən siyasi qüvvələr bu məsələni gündəmə gətirəcəklər. Bu baxımdan ABŞ-ın ayırdığı həmin vəsaitin prezident Zelenskiyə dəstəyin ifadəsi baxımından siyasi effekti var".
 


Ekspert deyir ki, artıq mənəvi-psixoloji üstünlük Kiyevin əlinə keçir:

"Digər tərəfdən, ukraynalılar bir neçə aydır bütün dünya ölkələrinə köməklə bağlı xahiş edirdi. Çünki Kiyev son zamanlar cəbhədə müəyyən mövqeləri itirir. Yardımın ayrılması ilə  bu problem aradan qalxdı. İndi mənəvi-psixoloji üstünlük Ukrayna tərəfinə keçdi. 6 milyard dollarlıq Rusiyanın müsadirə edilmiş aktivlərinin Ukrayna infrastrukturunun bərpasına yönəldilməsi qərarı da verildi. Bununla bağlı Peskov və Zaxarovanın verdikləri reaksiyasından görünür ki, Kremlin həmin qərara reaksiyası da olduqca neqativ və aqressivdir. Bu aqressivlik də qərarın Rusiyaya edəcəyi təsrin göstəricisidir". 

Ərəstun Oruclu qeyd edir ki, yaranmış vəziyyətdə Rusiyanı təsəvvür etdiyimizdən də ciddi sürprüzlər gözləyir. Həmsöhbətimizin dediyinə görə, həmin vəsaitlər hesabına Ukraynaya veriləcək silahlar arasında artıq təkcə müdafiə deyil, hücum silahları da yer alacaq:

"O cümlədən uzaq mənzilli raketlər. İndiyə kimi verilən raketlər 35-40 km-lik məsafəni vurmaq gücündə idisə, artıq veriləcək silahlar daha uzaq məsafədəki hədəfi vurmaq imkanında olacaq. Habelə, "Leopard" tankları və 70-dən çox F-16 təyyarəsinin verilməsi nəzərdə tutulur. Yeni tip silahların verilməsi həm də onların döyüş şəraitində sınaqdan çıxarılması demək olacaq". 

Həmsöhbətimiz bildirir ki, bu dəstək Rusiyanın həmin anda məğlub edilməsi demək deyil: 

"Moskva daha da aqresivləşəcək. Onlar ağır aviasiya, ağır bombardmançı təyyarələrdən istifadə edəcəklər. Lakin onlara qarşı da Ukraynada artıq müəyyən silahlar var. Yardımın bir hissəsi Ukraynanın özünün hərbi sənayesinin inkişafına yönəldiləcək. Nəticədə Ukraynanın Rusiya ərazisinə cavab zərbələri intensivləşəcək". 

Yardımın müharibənin gedişatına təsirinə gəldikdə, ekspert vurğulayır ki, bu təkcə silahlanmadan asılı deyil:

"Bu hərbi taktika, hərbi strategiyanın qurulmasından, əməliyyatın keçirilməsi və canlı qüvvə və texnikanın sayı baxımından resurslardan da asılıdır”. 

Qeyd edək ki, uzun çək-çevirdən sonra ABŞ-ın Nümayəndələr Palatası nəhayət ki, Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqlədi. Bu isə Kiyevin mövqelərinin möhkəmlənməsinə hesablanmış bir dəstəkdir. Xatırladaq ki, ay yarım bundan əvvəl Qaynarinfo.az saytı olaraq Vaşinqtonun nəhayət belə bir qərar verəcəyini proqnozlaşdırmışdıq. Həmin dövrdə ABŞ Ali Məhkəməsi prezidentliyə namizəd Donald Trampa qarşı bəzi ştatların məhkəmə orqanları tərəfindən verilən və onun namizədlik yoluna əngəl yaradacaq qərarları ləğv etdi. Bunun müqabilində Tramp və qanunvericilik orqanlardakı respublikaçı çoxluğun da nəhayət Ukraynaya dəstəyə müsbət cavab verəcəyini proqnozlaşdırmışdıq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->