Siyasət 16:50 19.05.2022

Vaşinqtondan Ərdoğana növbəti hədə - Ekspert

The Washington Post qəzetinin yazdığına görə, ABŞ Senatının Xarici işlər üzrə  komitəsinin sərdi Robert Menendes Türkiyəni Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəkləmədiyi təqdirdə Ankaranı F-16-ların verilməsindən imtina ediləcəyilə hədələyib. Ankaranın həmin məsələdə tutduğu mövqeyi tənqid edən senator bildirib ki, bu hərəkətilə Türkiyə ABŞ-ın etibarlı müttəfiqi imicini təhlükə altına qoyur.
 
Məsələ barədə Qaynarinfo-ya danışan QAFSAM sədrinin müavini Nazim Cəfərsoy bildirir ki, F-16-lar Menendesin təkbaşına qərar verəcəyi məsələ deyil. Vaşinqton Rusiya ilə cəbhələşmə konyukturunda Türkiyə ilə münasibətləri gərginləşdirməməyə möhtacdır: "ABŞ siyasətində hökumət və parlament olmaqla iki mövqe var. Menendes də parlamentin mövqeyini təmsil edir. Onun hədə-qorxu gəlməsi Türkiyənin mövqeyinin dəyişməsinə xidmət etməyəcək. Türkiyə bu kimi hədə və sanksiyaları nəzərə almayan ölkədir. S-400-lə bağlı bütün ABŞ qarşı çıxsa da, Ankara Rusiyadan onları aldı”. 
 
 

Ekspert qeyd edir ki, sözügedən prosesdə əsas sözü ABŞ Adminstrasiyası deyir: "Menendes həm də Türkiyəyə münasibəti daha çox neqativ olan senatordur.  Digər tərəfdən, bu prosesdə əsas rolu qanunverici orqan deyil, ABŞ Adminstrasiyası oynayır. Onlar isə hələlik vəziyyəti diplomatik tərzdə həll etməyə çalışır. Bunu Mövlud Çavuşoğlu ilə Antoni Blinkenin görüşündə gördük. Adminstrasiya NATO-da gərginlik yaradılmasını istəmir. Çünki Türkiyə qurumda ABŞ-dan sonra ən güclü orduya malik nüfuzlu ölkədir. Həm də Türkiyəni küsdürərək NATO-nu genişləndirmək alyansın strateji maraqlarına uyğun deyil. Belə vəziyyətdə NATO-nu gücləndirmək əslində onu zəiflədər. Vaşinqton Rusiya ilə cəbhələşmə konyukturunda Türkiyə ilə münasibətləri gərginləşdirməməyə möhtacdır. F-16-lar Menendesin təkbaşına qərar verəcəyi məsələ deyil”. 

Rüfət Sultan