Dünya 15:03 21.05.2022

Xaçaturovun oğlunun həbsindən sonra Qriqoryanın mənzilində axtarış aparıldı

Hazırda Ermənistan hüquq-mühafizə orqanları Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, "Vətən” partiyasının lideri Artur Vanetsyanın köməkçisi Aram Qriqoryanın mənzilində axtarış aparır. 

Qaynarinfo erməni mediasına istinadla xəbər verir ki, bu məlumatı artıq "Vətən” partiyasının idarə heyətinin üzvü Arsen Babayan da təsdiqləyib.

Xatırladaq ki, mayın 17-də Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da Kiyan-Baqramyan kəsişməsində keçirilən aksiyada döyülən polis əməkdaşının verdiyi ifadə əsasında İrəvan İstintaq İdarəsinə aparılıb.

Bu gün İstintaq Komitəsinin yaydığı açıqlamadan məlum olub ki, İqor Xaçaturov həbs edilib. O, Ermənistan respublikası Cinayət Məcəlləsinin 316-cı maddəsinin 1-ci hissəsi ilə ittiham olunub.

Yeri gəlmişkən, İstintaq Komitəsi belə bir açıqlamada yayıb: "Araşdırma zamanı polis əməkdaşına zorakılıq tətbiq edən vətəndaş İqor Xaçaturovun hadisə zamanı narkotik vasitədən istifadə etdiyi barədə məlumat daxil olub. Yuxarıda qeyd olunan halı aşkar etmək üçün prosesi aparan orqan toksikokimyəvi ekspertiza təyin etmək qərarına gəlib, lakin İqor Xaçaturov nümunələri təqdim etməkdən imtina edib”.

N.Paşinyan, Yuri və İqor Xaçaturovlar arasında yaranmış gərginlik uzun illərdir ki, davam etməkdədir. Bir müddət öncə sosial şəbəkələrdə Y.Xaçaturovun sərxoş halda əsgəri alçaltdığını iddia edən video yayılıb. Lakin bir-sıra hərbçilər iddia edib ki, bu videodakı Y.Xaçaturov deyil, hadisə Qarabağda "Yeghnikner” hərbi hissəsində baş verib və əsgərə araq içirtmək istəyən komandir işdən çıxarılıb.

Qeyd edək ki, Qriqori Xaçaturov ER Silahlı Qüvvələrinin Korpus komandiri olub və general-polkovnik Onik Qasparyanın bəyanatını imzalayan generallardan biridir. 

Telman