Dünya 13:44 10.06.2022

Yadplanetlilərə ciddi yanaşma başladı: NASA elmi araşdırma qrupu yaradır

NASA "naməlum hava hadisələrini" araşdırmaq üçün elm adamlarından ibarət bir qrup yaradacaq.

Qaynarinfo "Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi NASA xəbər verib.

ABŞ hökumətinin məsələyə ciddi yanaşmasından sonra NASA uçan naməlum obyektləri öyrənən elmi qrup yaratmağı qərara alıb.

ABŞ Kosmik Agentliyi əsas diqqətin mövcud məlumatları, gələcəkdə məlumat toplamaq üçün ən yaxşı yolları və problemin elmi anlaşılmasını inkişaf etdirmək üçün bu məlumatlardan necə istifadə edilə biləcəyini müəyyənləşdirməyə yönəldiləcəyini deyib.

NASA elm qrupuna rəhbərlik etmək üçün Prinston Universitetinin Astrofizika Departamentinin keçmiş rəhbəri David Spergeli və tədqiqata rəhbərlik etmək üçün NASA-nın Elm Missiya Ofisinin baş elmi işçisi Daniel Evansı cəlb edib.

Evans bildirib ki, bir qrup payızda toplaşmalı və əldə etdikləri nəticələrlə bağlı ictimai hesabat hazırlamaq üçün təxminən doqquz ay işləməlidir. Evans əlavə edib ki, NASA-nın elmi araşdırmaya 100.000 dollara qədər pul xərcləyəcəyi gözlənilir. 

Mayın 17-də iki Pentaqon rəsmisi UNO-larla bağlı ilk konqres dinləmələrində ifadə verib.

NASA-nın elm bölməsinin rəhbəri Tomas Zurbuxen konfrans zamanı jurnalistlərə deyib: "Biz Yerə, eyni zamanda səmaya başqa tərəfdən, yeni formada baxırıq. Burada həqiqətən etməyə çalışdığımız şey, ağlımızda hər hansı bir nəticə tutmadan araşdırmaya başlamaqdır".

"Naməlum atmosfer hadisələri həm milli təhlükəsizlik, həm də aviasiya təhlükəsizliyi baxımından maraqlıdır. Hansı hadisələrin təbii olduğunu müəyyən etmək, NASA-nın təyyarələrin təhlükəsizliyi ilə bağlı məqsədlərinə müvafiq olan bu cür hadisələrin müəyyən edilməsi və ya qarşısının alınması üçün ilk addımdır”,- NASA-nın press-relizində deyilir.

Keçən ilki hesabatda deyilirdi ki, ABŞ müdafiə və kəşfiyyat analitiklərində hərbi pilotlar tərəfindən müşahidə edilən UNO-ların təbiətini, o cümlədən onların qabaqcıl yer texnologiyası, atmosfer və ya yerüstü mənşəli olub olmadığını müəyyən etmək üçün yetərli məlumat yoxdur.

Keçən ay iki Pentaqon rəsmisi hökumətin izah edə bilməyəcəyi bir çox müşahidələrin qaldığını etiraf edib.

"UNO-ların mənşəcə yerdən kənara aid olduğuna dair heç bir sübut yoxdur”,- NASA  deyib.

Nurlan Hüseynov