Yaşıl çay uzun müddətdir ki, antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. Lakin diyetoloqların fikrincə, sağlamlığa daha çox fayda verən və yaşıl çaydan da çox antioksidant ehtiva edən bir neçə içki mövcuddur.
Qaynarinfo xəbər verir ki, "Very Well Health" nəşri bu içkilərin siyahısını təqdim edib.
Ağ çay - Antioksidant tərkibinə görə birinci yerdə dayanır. Yaşıl çaydan fərqli olaraq, ağ çay minimal emal prosesindən keçir, buna görə də tərkibində daha çox katexin və polifenol qalır. "National Library of Medicine"də dərc olunmuş tədqiqatlara əsasən, ağ çayda olan bu maddələr xolesterin və trigliserid kimi zərərli yağların səviyyəsini aşağı salaraq lipid mübadiləsini yaxşılaşdırır.
Qibiskus (hibiskus) çayı - Tünd qırmızı rəngə və turşməzə dadına malik olan bu çay flavonoidlər və antosianinlərlə zəngindir. Bu antioksidantlar orqanizmdə iltihabı azaldır, xolesterin səviyyəsini normallaşdırır və arterial təzyiqi salmağa kömək edir.
Bənövşəyi çay - Yaşıl və qara çayla eyni bitkidən əldə olunur, lakin Keniya dağlarının yüksək hissələrində yetişir. Onun bənövşəyi rəngi antosianinlərin və katexinlərin birləşməsindən yaranır. Tərkibindəki polifenollar, o cümlədən EGCG, ürək-damar sağlamlığına, şəkər səviyyəsinin tənzimlənməsinə və bağırsaq fəaliyyətinə müsbət təsir göstərir.
Roybuş (rooibos) çayı - Cənubi Afrikada yetişdirilən, təbii olaraq kofeinsiz və şirin dada malik bu çay əsəbləri sakitləşdirməyə və yuxu keyfiyyətini artırmağa kömək edir. Onun tərkibindəki aspalatin maddəsi qlükoza və yağ mübadiləsini tənzimləyir, notofagin isə sidikqovucu təsir göstərərək böyrəkləri qoruyur.
Matça - Toz halına salınmış yaşıl çay yarpaqlarından hazırlanır və ən yüksək antioksidant sıxlığına malik içkilərdən biridir. Xüsusilə EGCG adlı katexinlə zəngindir. Araşdırmalar göstərir ki, matça beyin fəaliyyətini gücləndirir, stress və narahatlığı azaldır, eləcə də neyrodegenerativ xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Qidalanma üzrə mütəxəssislər 60 yaşdan yuxarı insanlara qazlı içkilərdən, xüsusilə "kola” tərkibli məhsullardan uzaq durmağı məsləhət görür. Çünki belə içkilərdəki fosfor turşusu sümük sıxlığını azaldır və qırıq riskini artırır.
Həmçinin, qəhvənin də yüksək antioksidant tərkibinə baxmayaraq, onu çox miqdarda qəbul etməyin orqanizmə mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Aydın
Şərhlər