Xəbər lenti

Yeni hesabat: Rəisinin prezidentlik dövründə Iranda edamlar iki qat artıb
Dünya 17:40 29.04.2022

Yeni hesabat: Rəisinin prezidentlik dövründə Iranda edamlar iki qat artıb

İbrahim Rəisinin prezidentlik dövrünə təsadüf edən 2021-ci ilin ikinci yarısında İranda edam hökmlərinin icrası ilin birinci yarısına nisbətən iki dəfə artıb.

Qaynarinfo bu barədə Fransada fəaliyyət göstərən "Birlikdə Ölüm Hökmünə Qarşı” (ECPM) və "İran İnsan Haqları” təşkilatlarının (IHRNGO) birlikdə hazırladığı hesabata əsasən xəbər verir.

120 səhifəlik hesabatda qeyd edilir ki, ötən il İranda ən azı 333 nəfər edam olunub ki, bu 2020-ci ilin göstəricilərinə nisbətən 25 faiz artıqdır. Lakin, edam hökmlərinin əsas hissəsi ilin ikinci yarısında həyata keçirilib. Belə ki, edam hökmlərinin icrası ötən ilin ikinci yarısında birinci yarısına nisbətən 100 faiz artıb.

Rəsi ötən ilin may ayında keçirilən seçkilərdə qalib gəlməzdən öncə, Ədliyyə sisteminin rəhbəri olub. O, prezident vəzifəsinin icrasına 2021-ci ilin ikinci yarısında başlayıb.

Hesabatda bildirilir ki, İran höküməti ötən il yalnız 55 nəfərin edam hökmünün icra olduğunu rəsmən elan edib və qalan edam hallarını gizli saxlamağa çalışıb.

Ötən il ən azı 126 nəfərin edamı narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə bağlı olub.

Həmçinin qeyri-fars etniklərin edam hökmlərinin icrası da yüksək səviyyədədir. Belə ki, keçən il İranın cənub şərqində yaşayan 23 bəluç vətəndaş edam edilib. Hesabatda, türklər, kürdlər və başqa etniklərin edam sayları qeyd olunmayıb. Ancaq hesabatın yayımladığı xəritədə türklərin yaşadığı bəzi əyalətlər, o cümlədən Qərbi Azərbaycan, Zəncan və Qəzvində edam hökmlərinin icrasının çox olduğu göstərilir.

Ötən il həmçinin ən azı iki yetkinlik yaşına çatmamış və 17 qadının edam hökmü icra olunub.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->