Xəbər lenti

Zəngəzur dəhlizi ilə bağlı yeni məqam - ABŞ nə istəyir? (ŞƏRH)
Siyasət 17:33 15.07.2025

Zəngəzur dəhlizi ilə bağlı yeni məqam - ABŞ nə istəyir? (ŞƏRH)

"Bakıya sərf edən məqam dəhliz məsələsinin Azərbaycanla Ermənistan arasında həll edilməsi məsələsidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-ın Ankaradakı səfiri Tomas Barak vasitəsilə Zəngəzur dəhlizini öz nəzarətinə götürmək iddiası fonunda Azərbaycan və Ermənistanın ardıcıl hansı möve tuta biləcəyini şərh edərkən deyib. 

Ekspertin fikrincə, Vaşinqtondan gələn bu təklif Ermənistan kimi, Azərbaycan üçün də məqbul deyil:

"Çünki Zəngəzur dəhlizi məsələsi Bakı ilə İrəvanın müzakirə predmetidir. 44 km-lik ərazi Azərbaycanın bir hissəsindən digər hissəsinə keçid kontekstində və tarixi baxımından Bakını bilavasitə maraqlandıran məsələdir. Ona görə də müzakirə ikili müstəvidə aparılır. İrəvanla Bakı heç bir kənar vasitəçi olmadan oturub danışa və konkret razılığa gələ bilir. Bu da dolayısı ilə region uğrunda qlobal oyunçuların prosesə müdaxilə imkanlarını tükədir və Bakı ilə İrəvanı qlobal güclərin rəqabətində atəşə məruz qalmaqdan xilas edir. ABŞ on minlərlə kilometr uzaqdan əraziyə gəlməsi həmçinin Çin, Rusiya və İranı da narazı salacaq. Ona görə də Ağ Evin variantı keçərli deyil. Məsələni Bakı ilə İrəvan öz aralarında həll etməlidir".



Politoloq qeyd edib ki, ABŞ-ın həmin dəhlizə nəzarəti təmin etmək istəyinə nə ad qoyulsa da, bu əslində müstəmləkə, hegemonluq siyasətinin tərkib hissəsidir: 

"ABŞ Zəngəzur dəhlizinə 100 illik icarə və yaxud nəzarət mexanizmini təmin etməklə guya problemi birdəfəlik, ən azıdan bir əsrlik həll etmək istəyir. Ancaq bu, Azərbaycan və Ermənistanı sadəcə sevdikləri üçün deyil. Həm də ciddi nəqliyyat kommunikasiya sisteminə nəzarət anlamına gəlir. Zəngəzur dəhlizi perspektivdə Orta Dəhlizin bir hissəsi olacaq. Onun vasitəsilə Asiyadan bütün yüklərin bir istiqamətdə Gürcüstan vasitəsilə və yaxud da ən qısa yolla, Zəngəzur dəhlizi ilə Türkiyəyə və Avropaya çıxışı təmin edilir. İrəvanda da Ermənistan ərazilərinə nəzarət məsələ həssas xəttə çevrilib. Yəni İrəvan sözdə də olsa, suveren ərazisini kiminsə nəzarətinə vermək anlayışını qəbul etmək istəmir. Çünki bu hökumətin əleyhinə istifadə olunacaq ciddi amildir. Ona görə də nəzarət məsələsi gündəmə gələndə Ermənistan ona mənfi təpkilər göstərir".

Qeyd edək ki, ABŞ Ankaradakı səfiri Tomas Barak vasitəsilə Zəngəzur dəhlizini öz nəzarətinə götürmək iddialarını ortaya qoyub. "Middle East Eye" nəşrinin yaydığı məlumata görə, Tom Barak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Zəngəzur dəhlizini idarə etməyi öz üzərinə götürməyə hazırdır. Diplomatın sözlərinə görə, Ağ Ev 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib. Onun iddiasına görə, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir. 

Onu da qeyd edək ki, rəsmi İrəvanın Tomas Barakın səsləndirdiyi təklifə reaksiyası mənfi olub. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->