"Zirə" Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb.
Qaynarinfo PFL-in sayıtna istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri buna Misli Premyer Liqasının XXIX turunda nail olublar.
Bakı klubu öz meydanında "Qəbələ"ni 4:0 hesabı ilə məğlub edib. Zirənin eyniadlı təmsilçisi bunadək evdə ən böyük fərqlə - üç top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub.
"Zirə" tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/16 mövsümündə "Rəvan"ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı "Zirə" səfərdə keçirib.
"Sabah” isə Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb. Bu, Misli Premyer Liqasının XXIX turunun "Turan Tovuz”la görüşünə təsadüf edib.
Bakı klubu 0:2 hesabı ilə uduzduğu görüşə qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.
"Sabah” 85-ci səfər matçında bu qolu buraxıb. 2018/19 mövsümündən Premyer Liqada çıxış edən komanda ilk dəfə 2018-ci il avqustun 19-da "Sumqayıt”la ev görüşündə qapısında qol görüb - 1:4.
Tur "Neftçi" üçün də əlamətdar olub. Belə ki, Emin Mahmudov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub. "Neftçi”nin kapitanı Misli Premyer Liqasının XXIX turunun "Sumqayıt”la ev matçında (1:1) fərqlənib.
Ölkə çempionatında yalnız "ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. O, 2017/18 mövsümündən "Neftçi”nin formasını geyinir. Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.
Şərhlər