Hüseynbala Səlimov
Siyasət 11:22 13.03.2023

Azərbaycan və Türkiyə ilə münasibətlər qurulmayınca...

Azərbaycan-Ermənistan-Rusiya müstəvisində o qədər mürəkkəb proseslər gedir ki, bu olaylar cəngəlliyindən əsas tendensiyanı seçib ayırmaq olmur. Əvvəlcə onu qeyd edək ki, rusiyalı siyasət və diplomatiya adamları "Ermənistan bizə dost və müttəfiq ölkədir” deməkdə davam etsələr də, əslində belə deyil - İrəvanla Moskva arasında günbəgün soyuq küləklər əsməkdə davam edir. 

Kremlin Nikol Paşinyana qarşı "milyarderlər ittifaqı” formalaşdırdığı deyilir. Elə Paşinyan da dinc-farağat dayanmır, vaxtaşırı Rusiyaya qarşı sərt bəyanatlar səsləndirir, ölkəsini tədricən Qərbə tərəf istiqamətləndirir. Demək lazımdır ki, Qərb də ciddi fəaliyyətdədir. Baxmayaraq ki, bir çoxları hələ də Qərbi suyu bulandırmaqda ittiham edirlər. Amma tamam belə deyil – ABŞ və Avropa əlbəttə ki, Dağlıq Qarabağ separatçı rejimi üçün də nəsə qoparmağa çalışır, amma inkar etmək olmaz ki, Rusiya ilə Qərb arasındakı daha bir cəbhə xətti bu günlərdə Cənubi Qafqazdan keçir.
 
Gəl, Qərbin Nikol Paşinyana verdiyi dəstəyi təkcə bununla izah etmək olmaz. Yox, Qərb bölgədə sabitliyin və sülhün bərqərar olmasını istəyir, ən azı bunu Rusiyadan az istəmir. O ki qaldı separatçı Dağlıq Qarabağ rejimi üçün nəsə qoparmağa, bunu Rusiya istəmirmi? Əlbəttə ki, istəyir, əks təqdirdə rus "sülhməramlı”ları bizim eko-fəalları üç ay Xankəndinin qapıları qarşısında saxlamazdı. Aydın məsələdir ki, separatçı Dağlıq Qarabağ rejiminin timsalında Rusiya özü üçün bölgədə daha bir qala qurmaq və bununla da bölgədə qalmaq istəyir.

O ki qaldı cənab Paşinyana, o, hələ də ziddiyyətli, sistemsiz və qeyri-ardıcıl davaranmaqda və hərəkət etməkdə davam edir. Bu günlərdə erməni baş naziri yalnız bir neçə gün keçəndən sonra Azərbaycan ordusu ilə separatçılar arasında baş verən insidentə münasibət bildirdi. Hiss olunur ki, Qərb Paşinyana təzyiq edir, əks təqdirdə o, sistemsiz şəkildə olsa da, sülh məzmunlu bəyanatlar verməzdi. Bu günlərdə erməni baş naziri separatçı rejimi Azərbaycanla inteqrasiyaya səslədi. Əslində, Nikol bir şeyi başa düşməlidir: Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmayınca, o, ölkəsini Qərbə inteqrasiya etdirə bilməyəcək. 

Nə Fransa, nə bütövlükdə Avropa, hətta ABŞ Ermənistan üçün yaxın qonşu ola biləcək. Rusiya ilə münasibətləri korlanandan sonra Ermənistan üçün yalnız bir ölkə qalır ki, bu da Gürcüstandır. Qərb İrəvanın İranla yaxınlaşmasını istəmir. Deməli, Nikol Qərbə inteqrasiya üçün kart-blanş almaq istəyirsə, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır. Doğrudanmı N.Paşinyan belə bir sadə həqiqəti anlamır? Doğrudanmı o, başa düşə bilmir ki, Rusiyanın təzyiqləri qarşısında yalnız özünün regional siyasətini kardinal şəkildə dəyişməklə dayana bilər?

O ki qaldı Rusiyanın təzyiqinə, Paşinyan hakimiyyətə gələndən o, bir an belə səngiməyib. Hələlik Rusiya bir az tərəddüd edir. Ona görə ki, münaqişənin həllinin neqativlərini Paşinyanın belinə yükləməyə çalışır. 

Onun Ermənistandakı əvvəlki kadrları isə Kremldən çox şey istəyir və bu səbəbdən də Moskva onlara təkrar kart-blanş vermək istəmir. Rusiya həmin siyasi kadrlara çox başa salmaq istədi ki, işğal altında olan rayonların ən azı bir hissəsi Azərbaycana qaytarılmalıdır – Koçaryanlar və Sarqsyanlar bunu anlamadılar. Paşinyan bunu başa düşür, amma çox təəssüf ki, o, Rusiyanın adamı deyil...

Bəs yaxın perspektiv necə görünür? Qərb çalışır ki, Brüssel prosesi təzədən işə düşsün. Bu günlərdə ABŞ təmsilçisi Lui Bono bir həfətədə iki dəfə Bakıya səfər etdi. Bəli, bir daha deyirik ki, Rusiya ilə Qərb sözün əsl mənasında Cənubi Qafqazda da kəllə-kəlləyə gəliblər. Amma burada bir detal var: Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya (ABŞ burada da fəallıq edir!), Azərbaycan və Ermənistan! Rusiya bu qədər böyük bir perimetrdə Qərbin qarşısında duruş gətirə biləcəkmi?..
 
Hüseynbala Səlimov